Mədəni sərvətləri qəsdən korlama və məhvetməyə görə cəzalar sərtləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bundan başqa, dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər