“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub sport.ua saytına müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
– Yeni şəraitə artıq öyrəşmisiniz və Azərbaycan futbolunda işiniz necə gedir?
– Əlbəttə, öyrəşmişəm. Səhər saat yeddidə oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Artıq saat 8:00–8:30 radələrində orada oluram. Səhərdən axşama qədər bazada oluram. Günüm tamamilə futbola bağlıdır, yalnız axşam evə qayıdıram. Azərbaycanda da digər yerlərdə olduğu kimi işləyirəm. Futbol işi hər yerdə eynidir. Maraqlıdır, eyni zamanda məsuliyyətlidir və özünəməxsus xüsusiyyətləri var.
Burada sadəcə hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur. Əvvəlki oyunlardan birində az qala özümü saxlaya bilməyəcəkdim ki, nəsə hakimlik haqqında şərh verim. Mənim üçün ən vacibi komandamın oyunudur. Qalan məsələləri qoy başqaları şərh etsin.

– Siz zəngin tarixə malik və ölkənin ən titullu klublarından biri olan komandaya rəhbərlik edirsiniz. Cari mövsümdə turnir cədvəlinə baxsaq, “Neftçi”nin çempionluq iddiasından söhbət getmir. Bəs komanda hansı hədəfə köklənib?
– “Neftçi”yə komandanın nəticələrini yaxşılaşdırmaq və potensialını açmaq üçün gəlmişəm. Yeni futbolçulardan heç kimi gətirməmişəm. Məndən əvvəlki məşqçinin qurduğu heyət qalıb. Deyə bilərəm ki, buradakı futbolçular kifayət qədər yaxşı hazırlıqlıdırlar, texnikalı və sürətlidirlər. Medallardan birini qazanmaq şansımız hələ var, çünki qarşıda 10 oyun var.
Axıra qədər mübarizə aparacağıq. Başqa nə edə bilərik ki? İstəyərdik ki, turnir cədvəlində mümkün qədər yuxarı pillələrə qalxaq və avrokuboklarda iştirak edək. Mən “Neftçi”yə gələndə ilk dördlüklə aramızda fərq çox böyük idi, indi isə azalıb. Ona görə də mübarizə aparacağıq, qalanını zaman göstərəcək.
– Komanda ilə əlaqə qurmaq rahat oldu?
– Bu baxımdan hər şey yaxşıdır. Futbolçular hər şeyi anlayır, verilən tapşırıqları və göstərişləri yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda isə harada olduğumuzu görəcəyik.
– Bildiyimiz kimi, “Neftçi”də həmyerlilərinizdən biri – “Çernomorets”in sabiq futbolçusu Andrey Ştoqrin çıxış edir. Komandada başqa hansı ukraynalı legionerlər var?
– Hələlik başqa heç kim yoxdur. Görmək istədiyim futbolçular bura gəlməz – onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Təklif olunan futbolçuları isə yaxşı tanıyıram, amma onlar mənə lazım deyil.
– Bu yaxınlarda böyük oğlunuz Vitali futbolçu karyerasını başa vuraraq məşqçiliyə başladı. Məşqçi kimi işi necə gedir?
– Hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər korpusunda çalışır. Vitali üzərinə düşən vəzifələrin öhdəsindən tam gəlir.
.jpg)
– Həyat yoldaşınız sizinlə birlikdədir?
– Bəli, Bakıda mənimlədir. Məni gözləyir, şam yeməyi hazırlayır. Mən həmişə evdə şam edirəm. Lesya ilə birlikdə masa arxasında oturub söhbət edirik. Sonra isə istirahət və yuxu. Yoldaşım da yeni məkanda özünü yaxşı hiss edir. Azərbaycan paytaxtında sakitlik və əmin-amanlıq var. O, həm də Bakıda gəzməyə vaxt tapır. Yeri gəlmişkən şəhər çox gözəldir.
– Doğma ölkənizdə baş verən hadisələri izləyə bilirsiniz?
– Əlbəttə. Hər gün Ukrayna haqqında xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çoxlu bədbəxtlik gətirib. Qardaşım oğlunun həyat yoldaşı artıq iki ildir ki, döyüşür. Drujkovka, Konstantinovkada döyüşür və həmin bölgədə vəziyyət çox gərgindir. Onunla daim əlaqədəyik. Bu yaxınlarda danışanda öyrəndim ki, ön cəbhədə maşınları zədələnib. Onlara pikap aldım və göndərdim. Artıq avtomobil onlara çatıb. Hər şey qaydasındadır.