Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
“30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.
Dövlət başçısı həmçinin torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub.
İlham Əliyev 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib: “Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi”.
Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
***
Prezident həmçinin vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
“İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”, - dövlət başçısı bildirib.
Son xəbərlər
Son Xəbərlər