Bu ölkədə həkim çatmır - İşlərini tibb bacıları görür

bu-olkede-hekim-catmir
Oxunma sayı: 1151

Böyük Britaniyada xəstəxanaların həkim çatışmazlığı səbəbindən bəzi hallarda tibb bacılarına daha geniş səlahiyyətlər verilməsi narahatlıq doğurub. Bildirilir ki, “qabaqcıl praktikantlar” və baş tibb bacıları bir sıra hallarda həkimlərin yerinə yetirdiyi funksiyaları icra edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya Tibb Assosiasiyası (BMA) məlumat yayıb.

Bildirilib ki, bu təcrübə ölkə üzrə geniş yayılıb. Qurum xəbərdarlıq edir ki, həkim olmayan personalın tibbi qərarvermədə artan rolu xidmət keyfiyyətinə təsir göstərə bilər.

Məlumata əsasən, sözügedən səhiyyə işçiləri təcili yardım şöbələrində, yenidoğulmuşlar bölmələrində, reanimasiyada və digər klinik sahələrdə fəaliyyət göstərərək, diaqnostika və müalicə proseslərində iştirak edirlər.

Xəstəxanaların təxminən yarısının həkim növbələrindəki boşluqları doldurmaq üçün bu üsuldan istifadə etdiyi qeyd olunur.

BMA bu yanaşmanı “potensial riskli” adlandıraraq, bəzi hallarda xərc azaldılması məqsədilə daha aşağı maaşlı işçilərin üstün tutulduğunu bildirib.

Eyni zamanda, Milli Səhiyyə Xidməti (NHS) daxilində bəzi qurumlar qabaqcıl praktikantlara xəstələri müayinə etmək, ilkin diaqnoz qoymaq və müalicəyə yönləndirmək kimi səlahiyyətlərin verildiyini təsdiqləyib.

Məsələ ilə bağlı narahatlıqlar bəzi səhv diaqnoz hallarından sonra daha da artıb. Məsələn, 2024-cü ildə Mançesterdə aparılan araşdırmada bir xəstənin qan laxtalanması riskinin vaxtında müəyyən edilməməsi səbəbindən həyatını itirdiyi qənaətinə gəlinib.

Digər tərəfdən, Kral Tibb Bacıları Kolleci bu yanaşmanı müdafiə edərək bildirib ki, qabaqcıl praktikantlar yüksək ixtisaslı mütəxəssislərdir və onlar həkimləri əvəz etmir, çoxsahəli tibbi komandaların bir hissəsi kimi fəaliyyət göstərirlər.