Bu ölkədə qızıl mədənində faciə - Ölənlər var

bu-olkede-qizil-medeninde-facie
Oxunma sayı: 655

Sudanın şimalında təhlükəli hesab edilərək bağlanmış qızıl mədənində baş verən çökmə nəticəsində azı 15 nəfər ölüb, bir nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sudan Mineral Ehtiyatlar Şirkətinin məlumatında bildirilir.

Vurğulanır ki, hadisə Vadi Halfa rayonunun Samna bölgəsində yerləşən Məhəmməd Tovfiq qızıl mədənində qeydə alınıb.

Bildirilib ki, hadisədən dərhal sonra əraziyə mütəxəssis qrupları göndərilib. Yerli hakimiyyət orqanları və xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

İlkin araşdırmalara əsasən, qəza bəzi mədənçilərin rəsmi xəbərdarlıqlara baxmayaraq, təhlükəli hesab edilərək fəaliyyətinə qadağa qoyulmuş mədənə daxil olması nəticəsində baş verib. Şirkət bildirib ki, ətraf mühit və əməyin mühafizəsi üzrə mütəxəssislər daha əvvəl çökmə riski səbəbindən mədəni bağlayaraq əraziyə girişin qadağan olunduğunu elan etmişdilər.

“Bəzi mədənçilər bu təlimatlara əməl etməyərək mədənə daxil olublar və nəticədə mədənin bir hissəsi çöküb”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Cənubi Sudanın 2011-ci ildə müstəqillik qazanmasından sonra neft gəlirlərinin azalması fonunda qızıl Sudan iqtisadiyyatı üçün əsas xarici valyuta mənbələrindən birinə çevrilib. Ölkədə 2 milyondan çox insan ənənəvi qızıl mədənlərində çalışır və bu sektor ümumi qızıl istehsalının təxminən 80 faizini təmin edir.