“Aqrar sektorda yerli aqrotexnika istehsalın dəstəklənməsi üçün güzəştlərin tətbiqi, ikinci əl avtomobil satışında və təkrar mənzil satışlarında ƏDV-nin ticarət əlavəsindən hesablanması və digər təşviqlərin verilməsi yeni təkliflər sırasındadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50%-nin qaytarılmasının əhatə dairəsinin genişlənməsi, səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla, bir sıra sahələrdə mövcud güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. Buğdanın idxalı və satışı, buğda unu və çörəyin, heyvan və quş ətinin, həmçinin yem və yem əlavələrinin satışı üzrə ƏDV-dən azadolmaların tətbiq müddətinin daha 3 il uzadılması təklif olunur. Bu azadolmaların müddətlərinin uzadılması sahibkarlıq subyektlərinə göstərilən vergi dəstəyinin davamlılığının təmin edilməsinə yönəlib”, - deyə DVX rəisi qeyd edib.
O qeyd edib ki, aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir: “Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq.
Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq.
Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək.
Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər