Yay aylarında sərinlənmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə sağlamlıq üçün müəyyən risklər yarada bilər.
“Qafqazinfo” xəbər verir ki, bu cihazlardan istifadə zamanı bəzi vacib qaydalara riayət olunması həm rahatlıq, həm də sağlamlıq baxımından əhəmiyyətlidir.
Araşdırmalara görə, kondisionerlərin yaratdığı süni mühit orqanizmə mənfi təsir göstərə bilər. Xüsusilə otaq temperaturu ilə çöldəki temperatur arasında fərqin çox olması yuxarı tənəffüs yolları problemlərinə səbəb ola bilər. Bu hallarda burun axması, boğaz qıcıqlanması, halsızlıq kimi simptomlar müşahidə olunur, bəzi hallarda isə daha ciddi xəstəliklər yarana bilər.
Mütəxəssislər birbaşa kondisionerin qarşısında oturmağın və ya onun altında yatmağın təhlükəli olduğunu qeyd edirlər. Bu, sinir iltihabı və əzələ ağrıları kimi problemlərə yol aça bilər.
Bundan əlavə, kondisionerin filtrinin mütəmadi təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Uzun müddət təmizlənməyən filtrlərdə bakteriya və toz toplanır ki, bu da havanın keyfiyyətini aşağı salaraq tənəffüs yollarına mənfi təsir göstərir.
Digər vacib məqam isə otağın havalandırılmasıdır. Kondisioner işlədilən mühitdə müəyyən fasilələrlə pəncərələrin açılması tövsiyə olunur. Həmçinin cihazın yaratdığı quru hava səbəbindən otaqda rütubət balansının qorunması vacib sayılır.
Bildirilir ki, kondisionerdən tam imtina etmək əvəzinə, ondan düzgün və ölçülü istifadə etmək daha məqsədəuyğundur. Bu qaydalara əməl etməklə həm yay istisindən qorunmaq, həm də sağlamlıq risklərini minimuma endirmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər