Bu səlahiyyətlər NK-dan alınır

bu-selahiyyetler-nk-dan-alinir
Oxunma sayı: 2466

“Müdafiə haqqında” Qanuna dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, 2011-ci il 23 dekabr tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan MR Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir. Ona görə də bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” Qanunun 6-cı maddəsindən çıxarılması təklif edilir. Eyni zamanda layihədə göstərilən digər qanunlardan da “hərbi komissarlıq” sözlərinin çıxarılması təklif edilir.

Nuranə Daxilqızı