Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderlanda işgüzar səfəri çərçivəsində bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.
“Qafqazinfo” xəbər verir ki, E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilə çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öz növbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülh prosesinə öz tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş “Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropa İttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətində göstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasında etimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətlərini çətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.
Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olan Beynәlxalq Münasibәtlәr İnstitutu “Clingendael” tərəfindən dəyirmi masa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin, Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsi Cənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, Azərbaycanın Aİ, NATO və Niderland ilə münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.


Son xəbərlər
Son Xəbərlər