“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar

bu-sistem-mudafieolunmazdir
Oxunma sayı: 837

ABŞ Prezidenti Donald Tramp ölkənin seçki sisteminin kiberhücumlar, manipulyasiya və xarici müdaxilələr qarşısında ciddi şəkildə həssas olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bunu Ağ Evdən xalqa müraciətlə çıxışında deyib.

“Bu gecə seçki sistemimizdəki ciddi boşluqları üzə çıxaran mühüm kəşfiyyat məlumatlarının dərhal açıqlanacağını elan edirəm”, – o bildirib.

ABŞ liderinin sözlərinə görə, həmin sənədlər seçki sisteminin indiyədək görünməmiş səviyyədə kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə açıq olduğunu göstərir.

Tramp həmçinin qeyd edib ki, sözügedən məlumatlar uzun illər ictimaiyyətdən gizlədilib və bu məsələyə görə keçmiş prezidentlər Co Bayden və Barak Obamanı tənqid edib.

O, Çinin 2020-ci ildən etibarən 220 milyondan çox amerikalı seçicinin məlumatlarını əldə etdiyini və bunun ABŞ tarixində ən böyük seçki məlumatı sızmalarından biri olduğunu irəli sürüb.

Trampın sözlərinə görə, bəzi kəşfiyyat qurumları Çinin ABŞ seçkilərinə mümkün müdaxiləsi ilə bağlı məlumatları gizlətməyə çalışıb.

Prezident əlavə edib ki, Federal Təhqiqat Bürosunun (FTB) topladığı ilkin məlumatlara əsasən, Çin hökumətinin ABŞ seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə etdiyi ehtimal olunur.

Donald Tramp bildirib ki, Çin, Rusiya, İran, Şimali Koreya və digər aktorlar ABŞ-nin seçki infrastrukturuna müdaxilə etmək imkanına malikdir.

Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Departamentinin araşdırması nəticəsində ABŞ seçkilərində səs vermək üçün qeydiyyatdan keçmiş təxminən 278 min xarici vətəndaş müəyyən edilib.

“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil. Yüz milyonlarla seçicinin məlumatı xarici hökumətlərin əlindədir, səsvermə və səslərin sayılması sistemləri isə kiberhücumlara və manipulyasiyalara açıqdır”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti ölkədə etibarlı və şəffaf seçki sisteminin yaradılması üçün həm demokratların, həm də respublikaçıların birgə fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.

Bu çərçivədə Tramp noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Konqresi “Amerikanı Xilas Et” adlı qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıb.

Sənəd səsvermə zamanı şəxsiyyətin məcburi təsdiqlənməsini və poçt vasitəsilə səsvermənin məhdudlaşdırılmasını nəzərdə tutur.