Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric ediləcəyi təqdirdə buna etiraz etməyəcək.
“Qafqazinfo” “News.am”a istinadla xəbər verir ki, hökumət rəhbəri İrəvanı belə bir addımla hədələməyə ehtiyac olmadığını vurğulayıb.
Paşinyan qeyd edib ki, Moskva İrəvandan erməni nağılı olan “Kikosun ölümü” məntiqini təkrar edən bir davranış gözləyir:
“Həmin nağılda kəndli böyük qızını bulaq başına göndərir, qız orada nəhəng bir ağac görərək gələcəkdə ərə gedəcəyini, Kikos adında bir oğlunun doğulacağını, böyüyüb ağaca dırmaşacağını və oradan yıxılıb daşa dəyərək həlak olacağını təsəvvür edir. Bütün ailə hələ doğulmamış uşaq üçün yas tutur, daha sonra isə adi həyatlarına qayıdırlar”.
Bununla yanaşı, Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi Rusiya hərbi bazası məsələsini qaldırmayıb:
“Bu məsələni Rusiya qaldırıb, buna görə də İrəvan bu barədə öz mövqeyini tutur. Bu baza respublikanın təhlükəsizliyi üçün həyati dərəcədə vacib əhəmiyyət kəsb etmir. Əgər Rusiya Federasiyası bazanı saxlamağı planlaşdırırsa, o zaman İrəvan bunun şərtlərini müzakirə edə bilər”.
Xatırladaq ki, bundan əvvəl Paşinyan Rusiyanın Ermənistan üçün qazın qiymətini qaldıracağı ilə bağlı “apokalipitk” proqnozu qiymətləndirmişdi.
Son xəbərlər
Son Xəbərlər