“Bu, təkcə TƏBİB-in işi deyil”

bu-tekce-tebib-in-isi-deyil
Oxunma sayı: 1146

“Dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir. Lakin qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95%-dir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov “Xərçəngdən güclüsən” tədbirində bildirib.

O qeyd edib ki, mammoqrafiya müayinəsi vasitəsilə bu xəstəlik vaxtında aşkarlana və sağala bilər: “Bütün 40-69 yaş arası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, KİV kömək etməlidir. Bu, təkcə TƏBİB-in işi deyil.

Hazırda süd vəzi xərçənginə qarşı mübarizə ilə bağlı başqa layihələrimiz də var. İki rayonda mammoqrafik müayinələr aparılır və nəticələri ilə bağlı cəmiyyətə məlumat verəcəyik”.

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli bildirib ki, respublika ərazisində 22 regionda 3 mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinəyə cəlb olunub.

O qeyd edib ki, xərçənglə mübarizə üçün ucqar rayonlarda səyyar müayinələr aparılıb.

N.Rüstəmli əlavə edib ki, 22 rayonda paralel 2 istiqamət üzrə 2 439 qadın mammoqrafiya müayinəsindən keçib:

“22 rayondan 11 rayon üzrə nəticələrin təhlili aparılıb. Xərçəng ehtimalı olan şəxslər Milli Onkologiya Mərkəzinə yönəldilib. 1.219 nəfərdən 386 nəfərdə BI-RADS 3, 51 nəfərdə isə BI-RADS 4 aşkarlanıb. (BIRADS 3: Böyük ehtimalla xoşxassəlidir (təxminən 98%). 3–6 ay sonra yenidən yoxlanılmalıdır, BIRADS 4: Xərçəng riski var, biopsiya məsləhətdir). Bu şəxslərin hamısı Milli Onkologiya Mərkəzinə yönəldilib”.

Gülnar Əliyeva