“Bu universitet Azərbaycan gənclərinə çox böyük imkanlar yaradıb” - Yenilənib

bu-universitet-azerbaycan-genclerine-cox-boyuk-imkanlar-yaradib
Oxunma sayı: 709

“TAU iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də qarşılıqlı etimadının təzahürüdür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetinin rektoru, dosent Nəcibə Nəsibova açılış nitqində deyib. 

Onun sözlərinə görə, bu universitet Azərbaycan gənclərinə çox böyük imkanlar yaradıb: “Burada oxuyan tələbələr ölkə xaricinə çıxmadan imkanlardan yararlana bilirlər. Belə ki, Türkiyənin ən öndə gedən universitetlərinin professor və müəllimlərindən dərs alırlar, təcrübə mübadiləsi edirlər”.

Rektor əlavə edib ki, TAU-nu bitirən tələbələrin aldığı ikili diplom da onların gələcək kariyerasına önəmli töhfədir: “Tələbələrə bu universitetdə ingiliscə təhsil almaq imkanı da yaradılır. Bütün bu imkanlar sayəsində gənclər beynəlxalq arenda özlərinə rahatlıqla yer tapa biləcəklər”.

***

Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov isə qeyd edib ki, Türkiyənin üç aparıcı universiteti və Azərbaycanın müəyyən etdiyi universitet tədris prosesinin təşkilində əsas rol oynayacaq.

“Bu universitetin yaranması böyük əhəmiyyət daşıyır”, - o qeyd edib. 

F.Qurbanov deyib ki, xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində yüzlərlə azərbaycanlı gənc Türkiyədə təhsil alıb: “2007-2015-ci illərdə həyata keçirilən xaricdə təhsil Dövlət Proqramı çərçivəsində 327 azərbaycanlı gənc Türkiyənin 20 aparıcı universitetində təhsil alıb. Hazırda isə 2022-2028-ci illəri əhatə edən xaricdə təhsil Dövlət Proqramı həyata keçirilir. Bu proqram çərçivəsində 197 azərbaycanlı gənc Türkiyənin 11 aparıcı universitetində bakalavr və magistratura səviyyələrində təhsil alır.

Bu universitetinin yaradılmasında əsas məqsədlərdən biri təhsildə beynəlxalq inteqrasiyanı təmin etmək və akademik mobilliyi gücləndirməkdir”.

***

Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Yurdagül Aydoğan qeyd edib ki, Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə bir araya gəlməsi bizə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda ortaq bilik yaratmaq imkanları qazandırır.

“Bu məqamda xüsusilə dəyərli tələbələrimizə müraciət etmək istəyirəm. Siz yalnız bir universitetdə təhsil almırsınız, iki ölkənin ortaq gələcəyinin formalaşdırıldığı bir mühitdə yetişirsiniz.

Bir gün Azərbaycanda texnologiya şirkəti qurduğunuzda, Türkiyədə bir laboratoriyada çalışdığınızda, Bakıda bir layihəyə imza atdığınızda və ya Ankarada, İstanbulda, Gəncədə, Kəlbəcərdə yeni bir təşəbbüsün iştirakçısı olduğunuzda, bu gün burada qurduğunuz əlaqələrin nə qədər dəyərli olduğunu daha yaxşı anlayacaqsınız”, - o bildirib.

Lamiyə Məmmədova