Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, əsasən “TikTok” platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb.
Görüntülərdən də aydın olur ki, çox kiçik ölçüdə olan kameraları müxtəlif əşyaların üzərinə yapışdırmaq mümkündür. Paylaşıma rəy yazan izləyicilər də bu tipli reklamların yolverilməz olduğunu, belə ticarət üsullarının şəxsi həyata qanunsuz müdaxilələrə yol aça biləcəyini qeyd ediblər.
Diqqət çəkən vacib məqamlardan biri də minimal ölçülü kameraların təhlükəsizlik məqsədilə deyil, məhz gizli yerlərə - hamam, qapı cəftəsi, oyuncaqlar, kompüterlərin üstünə yapışdırılmasıdır. Bu reklamlar sanki həmin izləmə kameralarının asanlıqla əldə olunması və qeyri-qanuni istifadəsi üçün ideya verir. Həm də cəmi 21 manata təklif edilir.
Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir.
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər