“Bulvar dənizdən 20-30 kilometr uzaqda qala bilər”

bulvar-denizden-20-30-kilometr-uzaqda-qala-biler
Oxunma sayı: 968

“Xəzərin səviyyəsinin 18-19 metr aşağı düşməsinin nə demək olduğunu təsəvvür edin. Bu halda Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri Səid Səfərov “Kaspi”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dəniz çəkildikcə tamamilə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq:

“Bu isə külli miqdarda vəsait tələb edir. Belə bir ssenari gəmiçilik və dəniz nəqliyyatı üçün də ciddi problemlər yaradacaq. Şimali Xəzərin orta dərinliyi hazırda təxminən 5 metrdir, ən dərin hissələrində isə bu göstərici 20-22 metrə çatır. Artıq indidən Şimali Xəzərdə gəmi hərəkəti ilə bağlı ciddi çətinliklər mövcuddur. Dənizin səviyyəsi daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və Volqa çayı ilə əlaqəsi, demək olar ki, kəsiləcək. Çay dənizə ayrı-ayrı qollarla tökülsə də, iri gəmilərin hərəkəti mümkün olmayacaq. Xəzər həm də mühüm enerji mənbəyidir. Burada neft və qaz hasil olunur. Hasilat infrastrukturu dənizin müəyyən səviyyəsi və dərinliyi nəzərə alınmaqla qurulub. Səviyyənin kəskin azalması neft və qaz hasilatında, eləcə də onların daşınmasında ciddi problemlər yarada bilər. Mövcud nəqliyyat və hasilat sistemlərinin fəaliyyəti çətinləşəcək. Buna görə də alternativ həllər tapılmalı, yeni layihələr hazırlanmalı və əlavə infrastruktur qurulmalıdır. Bütün bunlar isə çox böyük maliyyə vəsaiti tələb edəcək”.