Bunlar hüquqpozmalarla bağlı məlumat hesab oluna bilər

bunlar-huquqpozmalarla-bagli-melumat-hesab-oluna-biler
Oxunma sayı: 520

Şəxsin iş yerində (xidmət göstərdiyi yerdə) baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair yazılı (o cümlədən elektron) və ya şifahi formada verilən informasiya korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hesab oluna bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni -  “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilmir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin məlumatın verilməsi onların qanunazidd açıqlanması hesab edilmir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda aşağıdakılar göstərilməlidir:

- məlumat verən şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, iş yerinin (xidmət göstərdiyi yerin) adı və ünvanı;

- korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları;

- korrupsiya ilə əlaqədar hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər haqqında bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar (verilməsi mümkün olduqda);

- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı əvvəllər məlumat verilib-verilməməsi (əgər məlumat verilmişdirsə, kimə verilməsi və nəticəsinə dair məlumatlar).

Nuranə Daxilqızı