“Bunu məmurlara sübut etmək olmur” - Video

bunu-memurlara-subut-etmek-olmur
Oxunma sayı: 3519

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Любовь.Собак@.Точка.RU” tamaşasının premyerası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Xalq artisti Aleksandra Nikuşinanın 70 illik yubileyinə həsr olunmuş səhnə əsərinin rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Baş rolları Aleksandra Nikuşina və Əməkdar artist Yuri Omelçenko canlandırıblar.

Anşlaqla keçən tamaşanın sonunda çıxış edən A. Şarovski aktyor həyatının çətinliyindən danışıb: “Sonda səhnəyə tökülən zər, ilk baxışda, gümüşü kağızın parçalarıdır. Bu isə aktyor həyatı, teatr həyatıdır. Bu gün teatrda bayramdır. Teatr bayramı həyatını səhnəyə verənlər üçün təşkil edir. Kənardan aktyor həyatı bayram kimi görünür. Təəssüflər olsun, bu, belə deyil. Aktyor həyatı günəş altında yer üçün, sağ qalmaq üçün ciddi və ağır mübarizədir. Yer - səhnə, günəş - səhnə işığı, qızıl isə yerdəki zərdir. Bu gün biz bir daha əmin olduq ki, aktyorun yaşı yoxdur. Bunu bütün məmurlar başa düşmür və heç cür sübut da etmək olmur”.

A.Nikuşina doğum gününü səhnədə qarşıladığından çox xoşbəxt olduğunu bildirib: “Aktrisa üçün səhnəyə çıxmaqdan böyük mükafat yoxdur. Nə qədər ki, səhnə var, biz -aktyorlar sağıq. Gəlin, biz isə sizin üçün yaşayacağıq”.

Hüseyn Məmmədsalahov