Bura Xırdalandır... - Video

bura-xirdalandir
Oxunma sayı: 4631

Sosial şəbəkələrdə Xırdalan şəhərinin böyük hissəsində evlərin tikintisi zamanı müəyyən edilmiş normalara əməl edilməməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə Abşeron rayonunun inzibati mərkəzi və Bakı şəhəri yaxınlığındakı ən böyük yaşayış yeri olan Xırdalanda acınacaqlı vəziyyət əks olunub.

Belə ki, evlərin inşası zamanı tikinti normaları kobud şəkildə pozulub və əksər evlər bitişik inşa edilib. Bundan başqa, küçələrin eninin normadan qat-qat azlığı, evlərin heç birinin həyətyanı sahəsinin olmaması da diqqət çəkir.

Mütəxəssislər bu vəziyyətin fövqəladə hallar zamanı ağır nəticələrə səbəb ola biləcəyini vurğulayır. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları Xırdalandakı vəziyyəti, müxtəlif ölkələrdəki gecəqondularla müqayisə ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Xırdalan şəhərinin mərkəzi hissəsində mövcud olan fərdi yaşayış evləri uzun illər əvvəl inşa olunub:

“Sözügedən evlərin böyük əksəriyyətinin mülkiyyətini təsdiq edən sənədləri var. Həmin fərdi yaşayış evlərinə bütün kommunal xidmətlər göstərilir. Hazırda sözügedən ərazidə hər hansı tikinti işləri həyata keçirilmir və ərazi RİH tərəfindən nəzarət altında saxlanılır”.