Buraxılış imtahanının nəticələri açıqlandı

buraxilis-imtahaninin-neticeleri-aciqlandi
Oxunma sayı: 12006

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi  məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 26 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12-14 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. 

Martın 12-də keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti 10-12 gün ərzində elan olunması nəzərdə tutulur.