Bakıda, çimərlik ərazidə çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində çimərliyə kanalizasiya sularının axıdılmasını əks etdirən görüntülər yayılıb.
Sakinlərin sözlərinə görə, çirkab suların boru vasitəsilə dənizə töküldüyü həmin əraizdə insanlar çimir.
Bəzi sakinlərin sözlərinə görə isə, həmin borudan sadəcə qrunt suları axıdılır.
Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, həmin ərazidə axıdılan su tullantı suyu və ya kanalizasiya mənşəli su deyil, sözügedən qəsəbə ərazisində formalaşan qrunt sularıdır.
Qeyd edilib ki, paylaşılan videomateriallar əvvəlki dövrə məxsusdur. Hazırda sözügedən axarın torpaq məcralı hissəsi ləğv edilərək boru vasitəsi ilə birbaşa dənizə daxil edilib. Xidmətin əməkdaşları tərəfindən sözügedən məsələ sosial şəbəkələrdə işıqlanmadan öncə sudan nümunələr götürülərək laboratoriya analizləri aparılıb, əldə olunan nəticələr əsasında suyun qrunt sularına xas göstəricilərə malik olduğu müəyyən edilib. Eyni zamanda, aparılmış müayinələr zamanı suyun məişət və ya fekal mənşəli çirklənməyə məruz qalmasını təsdiq edən hər hansı göstərici aşkar edilməyib. Onun su obyektinə axıdılması ətraf mühitə mənfi təsir yaratmır.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər