Çamadanından 2200 canlı qarışqa çıxdı

camadanindan-2200-canli-qarisqa-cixdi
Oxunma sayı: 1308

Keniyada bir sərnişinin çamadanında 2200-dən çox canlı qarışqa aşkar edilib. Məhkəmə həmin şəxsi ölkədən qaçaqmalçılıq yolu ilə çıxarmağa cəhd etdiyi üçün cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, Çin vətəndaşı Canq Kequn ötən ay Nayrobidə yerləşən əsas beynəlxalq hava limanında saxlanılıb.

Onun baqajına baxış zamanı plastik qablarda gizlədilmiş minlərlə canlı qarışqa aşkarlanıb.

İlkin mərhələdə ittihamları rədd edən Canq daha sonra günahını etiraf edib.

Məhkəmənin qərarına əsasən, o, 1 milyon Keniya şillinqi (təxminən 7750 dollar) məbləğində cərimə olunub və 12 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə hakim İren Giçobi son dövrlərdə qarışqa qaçaqmalçılığı hallarının artdığını bildirib. O, bu cür fəaliyyətlərin ekoloji tarazlığa ciddi zərər vurduğunu vurğulayaraq, çəkindirici cəza tədbirlərinin vacib olduğunu qeyd edib.

Bildirilir, bəzi ölkələrdə, xüsusilə Asiyada qarışqalar kolleksiya və elmi maraq məqsədilə yüksək qiymətlərlə satılır.

Bundan başqa, bioqaçaqmalçılıq halları artıq fil sümüyü kimi iri məhsullardan daha az diqqət çəkən, lakin ekosistem üçün vacib olan kiçik növlərə doğru yönəlir.

Qeyd edək ki, hadisə ilə bağlı digər şübhəli şəxslərin işi üzrə araşdırma davam edir. Canq Kequnun vəkili isə məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini açıqlayıb.