Sloveniya parlamentində keçirilən səsvermənin nəticəsinə əsasən, Sloveniya Demokrat Partiyasının (SDS) lideri Yanez Yansa ölkənin yeni Baş naziri seçilib.
“Qafqazinfo” xəbər verir ki, martın 22-də keçirilən ümumi seçkilərdən sonra Prezident Nataşa Pirts Musar hökumətin formalaşdırılması üçün heç bir namizədi irəli sürməyib.
Seçkilərdə birinci olan Azadlıq Hərəkatının lideri Robert Qolob isə koalisiya danışıqlarında razılıq əldə edə bilməyib. Bundan sonra parlamentdə ikinci yeri tutan SDS partiyasının lideri Yanez Yansanın namizədliyi səsverməyə çıxarılıb.
87 deputatın iştirak etdiyi səsvermədə Yansa 51 “hə” və 36 “yox” səsi toplayaraq baş nazir seçilib.
Seçki prosesi dövründə İsraillə əlaqələrinə dair iddialarla gündəmə gələn Yansa parlamentdəki çıxışında Sloveniyanın maraqları naminə çalışacağını bildirib və yeni hökumət kabinetini 15 gün ərzində təqdim edəcəyini açıqlayıb.
Yansanın İsrailin “Qara kub” (Black cube”) adlı kəşfiyyat şirkəti ilə əməkdaşlıq etdiyini iddia edən bir qrup parlament binası qarşısında aksiya keçirib.
Etirazçılar binanın önünə qara kub yerləşdirərək üzərinə “Xain hökumət. Bu layihə İsrail tərəfindən dəstəklənir” sözləri yazılmış lövhə qoyublar. Onlar Yansanın rəhbərlik etdiyi hökuməti qəbul etmədiklərini bəyan ediblər.
Qeyd edək ki, ümumi seçkilər ərəfəsində İsrailin “Qara kub” adlı kəşfiyyat şirkətinin Sloveniyadakı siyasi proseslərə təsir göstərdiyi barədə iddialar yayılmışdı.
“Mladina” jurnalının məlumatına görə, şirkətin nümayəndələri üç dəfə paytaxt Lyublyanaya səfər edərək müxalifətdə olan SDS partiyasının lideri Yanez Yansa ilə görüşüblər.
Jurnal iddia edib ki, həmin şəxslər saxta kimliklərdən istifadə edib, özlərini xarici investisiya şirkətinin nümayəndələri kimi təqdim edərək, bəzi sloveniyalı siyasətçilərlə görüşləri gizli şəkildə qeydə alıblar.
İddialardan sonra keçmiş Baş nazir Robert Qolob Avropa İttifaqını seçkilərə xarici müdaxilə olub-olmadığını araşdırmağa çağırıb. Yansa isə bu ittihamları rədd edib və “Qara kub” haqqında əvvəllər heç nə eşitmədiyini bildirib.
Əlavə edək ki, Qolob hökuməti 2024-cü ildə Fələstin dövlətini rəsmi şəkildə tanımış, həmçinin İsraildən hərbi texnikanın idxalı, ixracı və tranzitinə qadağa tətbiq etmişdi. Müxalifət lideri Yansa isə bu qərarın uzunmüddətli perspektivdə ölkəyə zərər verəcəyini bildirərək referendum keçirilməsini tələb etmişdi.
Son xəbərlər
Son Xəbərlər