Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu Mərkəzin prezidentin sərəncamı əsasında yaradıldığını bildirib. Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrların bir araya gəldiyini deyən şöbə müdiri yeni qurumun aqrar sahənin “beyin mərkəzi” rolunu oynayacağına ümidvar olduğunu bildirib.
Mərkəzin direktoru Pərviz Hacıyev bildirib ki, Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Bundan başqa ATM əməkdaşları dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər.
Direktor müavini Toğrul Cəfərov bildirib ki, Mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması da daxildir. Bu sistem əsasında aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi mümkün olacaq.

Son xəbərlər
Son Xəbərlər