Çəkisini ölçdürəndən sonra huşunu itirdi - Döyüşü ləğv oldu

cekisini-olcdurenden-sonra-husunu-itirdi
Oxunma sayı: 505

UFC-nin 28 yaşlı döyüşçüsü Kameron Smoterman Las-Veqasda keçirilən UFC 324 turniri öncəsi çəkiölçmə mərasimində qorxulu anlar yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, idmançı tələb olunan çəkini (61.5 kq) uğurla verdikdən saniyələr sonra səhnəni tərk edərkən huşunu itirərək üzüüstə yerə yıxılıb.

Məlumata görə, hadisə yerində olan tibbi heyət dərhal ona müdaxilə edib. Smoterman bir neçə dəqiqə huşsuz qaldıqdan sonra özünə gəlsə də, ayağa qalxa bilmədiyi üçün məşqçiləri və UFC heyəti tərəfindən səhnədən daşınaraq təcili xəstəxanaya çatdırılıb.

Sözügedən hadisədən dərhal sonra UFC rəsmiləri və şərhçi Con Anik idmançının sağlamlığını qorumaq məqsədilə onun Riki Tursiosa qarşı planlaşdırılan döyüşünün rəsmi olaraq ləğv edildiyini açıqlayıb.

Qeyd edək ki, UFC 324 turniri yanvarın 24-dən 25-nə keçən gecə Las-Veqasdakı “T-Mobile Arena”da baş tutacaq. Gecənin əsas döyüşü yüngül çəkidə müvəqqəti kəmər uğrunda Castin Getci və Paddi Pimblett arasında keçiriləcək.