Cəlilabadda kənd təsərrüfatı ilə bağlı görülən işlər müzakirə edildi - Fotolar

celilabadda-kend-teserrufati-ile-bagli-gorulen-isler-muzakire-edildi
Oxunma sayı: 421

Cəlilabadda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, sentyabrda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və toxumçuluq üzrə monitorinq rəhbəri, şöbə müdiri Pərviz Yusifov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Barat Baratov və Cəlilabad Su Meliorasiya Sistemlərinin İdarəsinin baş mühəndisi Arif Həsənov rayon ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer təsərrüfatları və sahibkarlıq subyektlərində, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar.

Daha sonra Dövlət Proqramının icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın üzvlərinin və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirin əsas məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatları dəqiqləşdirmək olub.

Rafiq Cəlilov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq, ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Rafiq Cəlilov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Cəlilabad rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. Dəyanət Abdullayev vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqin sözlərinə görə, bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Cəlilabad rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və toxumçuluq üzrə monitorinq rəhbəri, şöbə müdiri Pərviz Yusifov çıxışında bildirib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində əsas məqsədlərdən biri sahibkarlığın və kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsidir. Bu istiqamətdə subsidiyaların, güzəştli kreditlərin və digər dəstək mexanizmlərinin genişləndirilməsi fermer və sahibkarların fəaliyyətinə mühüm töhfə verəcəkdir. Dövlət dəstəyi hesabına istehsalın artırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların tətbiqi və regionların iqtisadi potensialından səmərəli istifadə təmin olunacaq və əsas hədəf göstərilən dəstək mexanizmlərindən səmərəli istifadə etməklə dayanıqlı iqtisadi inkişaf və sahibkarlıq mühiti daha da gücləndiriləcək.

Daha sonra çıxış edən fermer və sahibkarlar Dövlət Proqramının icrası ilə bağlı növbəti dövr üçün hədəflərini açıqlayıb, qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Cəlilabadlı fermer və sahibkarlar Dövlət Proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.