Cəmiyyətin susduğu yerdə yumruqlar danışır...

cemiyyetin-susdugu-yerde-yumruqlar-danisir
Oxunma sayı: 769

Faciə baş verib. Yeddinci sinifdə təhsil alan balamız naməlum şəkildə məktəbin dördüncü mərtəbəsindən yıxılaraq həyatını itirib. Sonra bir faciə daha baş verib: hadisə yerindən çəkiliş etmək üçün məktəbə gedən jurnalist və operator təzyiqə məruz qalıb və məktəbin “boksçu” uşaqları tərəfindən vəhşicəsinə döyülüb.

Faciə baş verməyə davam edib: “Azərbaycan müəllimi” qəzeti redaksiyasının rəsmi “Facebook” səhifəsi hadisəni şərh edərək yazib: “Jurnalisti döymək olmaz, amma jurnalistikanın da sərhədləri var.” Təsəvvür edirsiniz? Əziz adamlar, nəinki jurnalisti, heç kimi döymək olmaz! Bunu vaxtında o şıllaq atan uşaqlarınıza öyrətmiş olsaydınız, bugünkü faciə üçbəndli olmayacaqdı. Operatoru haşiyəyə alıb təpikləyənlər kimdir? Uşaqlarımızın sinif yoldaşı, parta yoldaşı. Demək ki, biz çox daha əvvələ qayıtmalı olacağıq. Məktəbdən də əvvələ — bağçaya, bir az da əvvələ — qundağa, lap elə ana bətninə. Bir neçə il əvvəl qızımın oğlan sinif yoldaşı başqa bir qızın qoluna necə vurmuşdusa, uşağın qolu gömgöy olmuşdu. Valideyn qrupunda ara qarışmış, məzhəb itmişdi. Hamı həmin oğlanın valideyninə öz etirazını yazırdı. Valideyn gözünə döndüyüm də gəldi dedi ki: “Yaxşı qız özünə yumruq vurdurmaz.” Tanış cümlədir? Buna görə deyirdim, lap əvvələ — ana bətninə qədər qayıtmaq lazımdır. “Aqressiv uşaq”, “iki yaş sindromu”, “travmalı uşaq”, “yeniyetməlik keçidi” — kifayət qədər malalama, məsuliyyətdən qaçma modeli icad etmişik. Yaxşı, nədir bu aqressiyanın gerçək kökü? Hələ 4 yaşını tamamlamamış oğlum bağça yoldaşı ilə sözləri çəpləşdiyi üçün onu itələmişdi. Ona qəzəblənmişdim! “Qızlara vurmuruq! Qızları incitmirik!” demişdim. Həmin gün özümü çox pis hiss etdim. Çünki mən o tənbehi edəndə oğluma insan olmağı yox, fərqində olmadan öz qızlarımı qoruma instinktimi diktə etmişdim. Səhvimi dərhal düzəltdim. Dedim ki: “Olmaz, heç kimə vurmaq, heç kimi incitmək olmaz!” Qəribə şəkildə, bəlkə də ard-arda baş verən hadisələrin təsiri ilə uşaq inkişaf psixologiyasını, kitabları alt-üst etdim. Aidiyyəti mövzuların olacağını düşündüyüm bütün kitapların mündəricatında həmin hissəni axtardım. Tapdım da. Bəlkə sizə də faydalı olar, paylaşıram: “Bağçam Kompleks Uşaq İnkişafı Modeli” adlı kitabda “İnsan ehtiyacları onun davranışlarına necə təsir edir?” bölməsini oxuyarkən ödənməyən ehtiyaclar ilə davranış arasındakı o gizli körpünü tapanda pazllar yerinə oturdu.

Dünyada “Emosional və Sosial Öyrənmə” (SEL) proqramları ilə uşağa fizikadan, riyaziyyatdan əvvəl hisslərini adlandırmağı, hirsini sözlə ifadə etməyi, başqasının acısına toxunmadan yanından keçməyi — empatiyanı öyrədirlər. Bizim məktəb psixoloqlarımız isə boş qalan dərslərdə uşaqların səsi çıxmasın deyə “əvəzləyici” müəllim rolunda olur. Valideynini itirmiş 7-ci sinif şagirdinin psixoloji durumunu kim diqqətdə saxlamalı idi? Məktəbin həyətində jurnalisti təpikləyən uşaq hirsini yumruqdan başqa hansı dildə ifadə etməyi kimdən öyrənə bilərdi? Deməli, günahkar zəncirvari şəkildə formalaşan sistemli laqeydlikdir. Ana bətnindən başlayır, məktəbə qədər, hətta daha sonra az qala şiddətə haqq qazandıran rəsmi quruma qədər uzanır. İnsan kainatda gücünü yumruğundan deyil, şüurundan və mərhəmətindən alan yeganə varlıqdır. Amma biz uşaqlarımıza “döyülmə, döy fəlsəfəsini”, “haqlı olmaq üçün səsini ucaltmağı”, “zəif görünməmək üçün ilk yumruğu vurmağı” öyrətdikcə, o yumruqların dövrə vurub özümüzə nə zaman dəyəcəyini dəhşətlə gözləməyə məhkumuq. Elə günü bu gün başlamasaq, nə pəncərələrdən düşən uşaqların ahı kəsiləcək, nə də məktəb həyətlərindəki şahə qalxan təpiklər yerə enəcək. Çünki dili quruyan, sözü bitən cəmiyyətlərdə yumruqlar həmişə meydan oxuyur.

Sonda. Bura bir həqiqəti də əlavə etmək istəyirəm: Bəli, faciənin isti xəbərini, kadrını tutmaq yarışında etik məsafəni unudan, kameranı insan acısına, şokda olan valideynin üzünə silah kimi tuşlayan peşə adamları da var. Klik təlaşının insani duyğulardan sürətli addımladığı bir mühitdə medianın bu yanaşması ciddi mənəvi aşınmadır. Amma peşə etikası pozulubsa, bunun cavabı hüquq, mətbuat şurası və etik mühakimədir — vəhşi linç, təpik və fiziki zorakılıq yox! Əgər biz mətbuatın xətasını yumruqla həll etməyə bəraət qazandırsaq, rəsmi qurum səviyyəsində “Jurnalisti döymək olmaz, amma...” deyib vergül qoyulsa, sabah heç birimiz küçədə, işdə, evdə hüququn və təhlükəsizliyin varlığından danışa bilmərik.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün