Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?

cinin-modernlesmesinin-idareetme-esaslari
Oxunma sayı: 1989

Çin Kommunist Partiyasının XX çağırış Mərkəzi Komitəsinin 2026-cı il oktyabrın 26-29-da Pekində keçirilmiş 5-ci plenumu hərtərəfli və ciddi partiyadaxili idarəetmənin ardıcıl şəkildə irəlili aparılmasını gündəliyin ön sıralarına çəkib.

“Qafqazinfo” xəbər verir ki, Plenum Sədr Si Cinpinin iş hesabatını dinləyib və bu istiqamətdə mühüm məsələlərə dair Qərar qəbul edib. ÇKP MK-nın Baş katibi sənədin layihəsini əsas müddəalarını və mahiyyətini izah edib.

Məhz bu mövzunu seçilməsinin vacibliyini inkişaf məqsədləri ilə siyasi sistemin həmin məqsədlərə nail olunmasını təmin etmək qabiliyyəti arasındakı əlaqə vasitəsilə anlamaq olar. Ümummilli strategiya ilə onun həyata keçirilməsi arasında ardıcıl idarəetmə fəaliyyəti dayanır: prioritetlərin müəyyənləşdirilməsi, resursların bölüşdürülməsi, ayrı-ayrı qurumların maraqlarının uzlaşdırılması, icraçıların seçilməsi və nəticələrin qiymətləndirilməsi. Bu həlqələrdən hər hansı birinin zəifliyi hətta diqqətlə işlənib hazırlanmış proqramın da səmərəsini azalda bilər. Çin şəraitində ÇKP-nin rəhbər rolu bu məsələyə xüsusi əhəmiyyət qazandırır. Partiya təşkilatının keyfiyyəti kadr qərarlarına, müxtəlif səviyyələrdə fəaliyyətin uzlaşdırılmasına və siyasi istiqamətlərin həyata keçirilməsinə təsir göstərir. Buna görə də partiyanın özünün təkmilləşdirilməsi modernləşmə vəzifələrinin nə dərəcədə ardıcıl yerinə yetiriləcəyi ilə bilavasitə bağlıdır.

Plenumun keçirilməsi on beşinci beşilliyin ilk ilinə təsadüf edib. Oktyabrın 30-da təşkil olunan mətbuat konfransında plenumun qərarlarının zəruriliyi şəraitin dəyişməsi, inkişafın tələbatları və cəmiyyətin gözləntiləri ilə əlaqələndirildi. Analitik nöqteyi-nəzərdən bu ardıcıllıq kifayət qədər böyük əhəmiyyətə malikdir: planlaşdırmanın yeni mərhələsinə start verilməsi qarşıya qoyulmuş vəzifələri yerinə yetirəcək institutların imkanlarına diqqət yetirməyi tələb edir. Yeni texnologiyalar, istehsal əlaqələrinin mürəkkəbləşməsi və regionlar üzrə şəraitin fərqliliyi rəhbərlərin peşəkarlığına və qurumlararası əlaqələndirmənin keyfiyyətinə tələbləri artırır.

Bununla bərabər, Kommunikedə əvvəlki uğur və nailiyyətlərə verilən yüksək qiymət partiyanın üzləşdiyi yeni çətinliklərin və risklərin uzunmüddətli xarakterinin etirafı ilə bir araya gətirilir. Bu, plenumun qərarlarını idarəçilik sferasında dəyişən tələblərə cavab kimi nəzərdən keçirməyə imkan verir. Toplanmış təcrübə əhəmiyyətini qoruyub saxlayır, lakin onun tətbiqi yeni şəraitə uyğunluğunun yoxlanmasını nəzərdə tutur.

Beləliklə, söhbət vəzifələrin getdikcə mürəkkəbləşdiyi şəraitdə rəhbər təşkilatın ölkənin inkişafını təmin etmək qabiliyyətindən gedir. Partiya quruculuğu ilə Çin modernləşməsi arasındakı təməl əlaqə də məhz bundadır: strategiyanın miqyası ona uyğun səviyyədə idarəetmə keyfiyyəti ilə dəstəklənməlidir.

Si Cinpinin rolu: problemin qoyuluşu və dəyişikliklərin təşkili

Si Cinpinin plenumun hazırlanmasındakı rolu məsələnin nəzəri qoyuluşunun, prioritetlərin seçilməsinin və qərarların hazırlanmasına rəhbərliyin konkret şəkildə birləşməsində özünü büruzə verir. Baş katib sənədin hazırlanması üzrə qrupa rəhbərlik edib, rəy və təkliflərin toplanması məqsədilə keçirilən iki müşavirəyə, Siyasi Büronun Daimi Komitəsinin bu işə həsr olunmuş üç iclasına və Siyasi Büronun iki iclasına sədrlik edib. Hazırlıq prosesi çərçivəsində 16 təşkilata 23 mövzu üzrə tədqiqatların aparılması tapşırılıb, regionların və müvafiq qurumların təklifləri müzakirə olunub. Bütün bunlar siyasi rəhbərliyin təşkilati tərəfini görməyə imkan verir. Sənədin hazırlanması ümumi konsepsiyanın işlənib hazırlanmasını, ixtisaslaşmış biliklərin toplanmasını və iradların nəzərdən keçirilməsini əhatə edib. Belə prosedurun əhəmiyyətini strateji istiqamətləri konkret idarəetmə sahələrində yaranan problemlərlə müqayisəli şəkildə nəzərdən keçirmək imkanında görmək olur.

Dəyişikliklərin hansı məsələləri əhatə edəcəyinin müəyyənləşdirilməsinə yanaşma xüsusilə əhəmiyyətlidir. Layihə konkret hədəflərə yönəlmiş tədbirlərin hazırlanmasını tələb edən əsas çətinliklər və ən qabarıq problemlər üzərində qurulmuşdu. Mövzunun seçilməsi də bütövlükdə Çin modernləşməsinin vəzifələri ilə izah olunurdu.

Burada kifayət qədər vacib bir idarəetmə məntiqini görmək olur. Ümumi konsepsiya cəmiyyət qarşısında duran vəzifənin yerinə yetirilməsinə konkret olaraq nəyin mane olduğunu, məsələnin hansı səlahiyyətlərə aid olduğunu və hansı dəyişikliklərə ehtiyac yarandığını müəyyənləşdirməyə kömək etdikdə praktik təsir gücü əldə etmiş olur. Bunun üçün zahirən oxşar problemlərin səbəblərini bir-birindən ayırmaq lazımdır. Qərarın gecikməsi peşə bilik və bacarıqlarının çatışmazlığından, vəzifə bölgüsünün qeyri-müəyyənliyindən, ziddiyyətli tələblərdən və ya hakimiyyətdən sui-istifadədən qaynaqlana bilər. Hər bir hal üçün müvafiq təsir vasitələri tələb olunur.

Buna görə də bu kontekstdə Si Cinpinin töhfəsini partiyanın öz tarixi missiyasına uyğun olması ideyasının ardıcıl inkişafı baxımından dəyərləndirmək məqsədəuyğun olardı. İdarəetmədə ciddilik konkret məzmun və istiqamət qazanmış olur: dəyişikliklərə rəhbərlik etmək qabiliyyətini təmin etmək, təşkilati fəaliyyət qabiliyyətini qorumaq və cəmiyyətin ehtiyacları ilə əlaqəni saxlamaq. Plenum bu xətti davam etdirərək onu gələcək fəaliyyət proqramına çevirir. Onun əhəmiyyəti artıq formalaşmış yanaşmanın yeni vəzifələrə uyğun şəkildə konkretləşdirilməsindədir. Belə varislik strateji istiqaməti qorumağa və eyni zamanda fəaliyyət üsullarına yenidən baxmağa imkan verir. Bu iki cəhətin uzlaşması uzunmüddətli modernləşmə prosesi üçün xüsusilə vacibdir.

İctimai nəzarət və daxilə yönəlmiş inqilab: bir-birini tamamlayan iki cavab

Müzakirə olunan problemin tarixi dərinliyi Mao Tszedunla Huan Yanpey arasında 1945-ci ilin iyulunda Yanyanda baş tutmuş söhbətdə özünü büruzə verir. Söhbətin mərkəzində siyasi hakimiyyətin ilkin yüksəlişdən sonra hansı səbəbə görə həyat qabiliyyətini itirə bilməsi məsələsi dayanırdı. Mao bu təhlükənin aradan qaldırılması imkanını demokratiya və xalqın hökumət üzərində nəzarəti ilə əlaqələndirmişdi. Si Cinpin 2021-ci ilin noyabrında həmin söhbətə qayıdaraq partiyanın daxilinə yönəlmiş inqilabını onun tarixi təcrübəsi əsasında formalaşmış ikinci cavab adlandırmışdı.

5-ci plenumun Kommunikesində ÇKP-nin tarixi dayanıqlılıq probleminə yanaşması izah edilərkən bu iki cavab yenidən bir araya gətirilir. Burada istifadə olunan tarixi analogiyanın mənasını dəqiq müəyyənləşdirmək vacibdir. “Yüksəliş və tənəzzül dövrü” qaçılmaz universal qanunu deyil, siyasi inkişaf problemini ifadə edir. Onun analitik dəyəri arxayınlaşmanın, idarəetmə aparatının cəmiyyətdən uzaqlaşmasının və məsuliyyətin zəifləməsinin qarşısını ala biləcək mexanizmlər barədə sualın qoyulmasındadır.

İctimai nəzarət və daxili dəyişikliklər fərqli, lakin bir-biri ilə bağlı funksiyalar yerinə yetirir. Vətəndaşlar qərarların nəticələri ilə xidmətlərin əlçatanlığı, inzibati prosedurlar, ətraf mühitin vəziyyəti və ya əmək şəraiti vasitəsilə bilavasitə üz-üzə gəlirlər. Onların təcrübəsi rəsmi şəkildə qarşıya qoyulmuş məqsədlə faktiki nəticə arasındakı uyğunsuzluqları aşkar etməyə imkan verir. Lakin məlumatın daxil olması öz-özlüyündə hələ dəyişikliyi təmin etmir. Həmin məlumatın araşdırılması, problemin səbəblərinin müəyyənləşdirilməsi və təşkilati tədbirlərin görülməsi zəruridir.

Bu baxımdan partiyanın daxilə yönəlmiş inqilabı onun öz strukturlarına və fəaliyyət təcrübəsinə qarşı tələbkar olmağa hazırlığını nəzərdə tutur. Bu anlayış kök salmış iş üsullarına yenidən baxmaq, formalaşmış maraqlara toxunmaq və daxili maneələri aradan qaldırmaq qabiliyyətini əhatə edir. Siyasi iradə məhz burada qaydalarda və konkret fəaliyyətdə davamını tapmalıdır.

Tədqiqat baxımından hər iki cavabın bir-birini tamamlanması belə bir ardıcıllıqda üzə çıxır: ictimai əhəmiyyətli problemin aşkarlanması, onun yoxlanılması, tədbirlərin görülməsi və nəticələrin qiymətləndirilməsi. Əks əlaqə aparatın özünü yalnız daxili meyarlarla qiymətləndirməsinin qarşısını almağa kömək edir; daxili dəyişikliklər isə aşkar olunmuş nöqsanların düzəldilməsinə imkan yaradır. Bu əlaqənin işləkliyi məlumatın etibarlılığından və ona reaksiya verilməsinin məcburiliyindən asılıdır.

Beləliklə, Si Cinpin tərəfindən daxilə yönəlmiş inqilab ideyasını inkişaf etdirməsi diqqəti partiyanın dəyişən şəraitdə rəhbərlik etmək qabiliyyətini qoruyub saxlaya bilməsinə yönəldir. Tarixi varislik praktik məna qazanır: cəmiyyət qarşısındakı missiyanın qorunması onun həyata keçirilməsi üsullarının müntəzəm yenilənməsini tələb edir. Növbəti mərhələdə məhz bu əlaqəni plenumun müəyyənləşdirdiyi kadr, təşkilati və nəzarət mexanizmləri vasitəsilə nəzərdən keçirmək lazımdır.

Partiya quruculuğunun sistemli təşkili: dəyərlərdən məsuliyyətə

Plenumun qəbul etdiyi Qərar üç böyük bölmədən ibarətdir: ümumi əsaslar və tələblər, strateji fəaliyyətin yeddi istiqaməti, eləcə də nəzarətin təkmilləşdirilməsi və siyasi məsuliyyətin yerinə yetirilməsinə dair müddəalar. Belə struktur ideya istiqamətlərini təşkilati vasitələrlə və icra şərtləri ilə əlaqələndirir.

Bu strukturun idarəetmə baxımından mənası onun elementlərinin qarşılıqlı asılılığında üzə çıxır. Partiyalılıq rəhbərin motivlərinə və davranışına dair tələbləri müəyyənləşdirir; kadr işi onun hazırlığının tapşırılmış vəzifələrə uyğunluğunu təmin edir; təşkilati prosedurlar qarşılıqlı fəaliyyət qaydasını müəyyən edir; məsuliyyət isə vəzifələrin icrasının hansı nəticələr doğurduğunu təsbit edir. Bir elementin zəifliyi digərlərinin təsir gücünü məhdudlaşdırır: səlahiyyətlər qeyri-müəyyən olduqda peşə hazırlığı, normaların tətbiqi məcburi olmadıqda isə onların təfərrüatlı şəkildə müəyyənləşdirilməsi öz əhəmiyyətinin bir hissəsini itirir.

Si Cinpinin partiya quruculuğuna dair ideyalarının sistemli xarakterini də məhz bunda görürük. Mərkəzi Siyasi Tədqiqatlar İdarəsinin rəhbəri Tan Fanyuyun izahına görə, Qərarda vəziyyətin təhlili, prinsiplər və strateji vəzifələr məhz bu ideyalar əsasında müəyyənləşdirilib. Analitik baxımdan mühüm məqam təşkilatın davranışına təsir edən müxtəlif vasitələrin, yəni, dəyər meyarlarının, peşə tələblərinin və institusional məhdudiyyətlərin uzlaşdırılmasına göstərilən səylərdir.

Məsuliyyət bölgüsü xüsusi diqqətə layiqdir. Mətbuat konfransında partiya komitələrinin, nəzarət orqanlarının, birinci rəhbərlərin və rəhbərliyin digər üzvlərinin vəzifələri bir-birindən dəqiq ayrılıb. Bu bölgü kollektiv iştirakın konkret olaraq kimin tədbir görməli olduğunu müəyyənləşdirməyə mane olduğu halların qarşısını almağa xidmət edir. Sistemin praktik işləkliyi məsuliyyətin real səlahiyyətlərə uyğunluğundan asılıdır: vəzifəli şəxs tapşırığı yerinə yetirmək üçün zəruri vasitələrə malik olmalı və öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlara görə cavabdehlik daşımalıdır.

Kadr siyasəti: qərarların əsaslılığı və məsuliyyətli təşəbbüsün müdafiəsi

Demokratik mərkəzçilik məsələsində rəsmi olaraq partiyadaxili demokratiyanın keyfiyyətinin yüksəldilməsi, müzakirə və qərarların qəbulu qaydalarına riayət edilməsi, eləcə də birinci rəhbərlərin səlahiyyətlərini həyata keçirməsinin tənzimlənməsi önə çəkilir. İdarəetmənin təhlili baxımından burada bir-birini izləyən iki mərhələ əhəmiyyət daşıyır: qərar qəbul edilənə qədər məsələnin hərtərəfli nəzərdən keçirilməsi, dəyərləndirilməsi və qərardan sonra fəaliyyətin uzlaşdırılması. Məzmunlu müzakirə riskləri aşkarlamağa və variantları müqayisə etməyə kömək edir, qəbul olunmuş qərarın aydınlığı isə onun icrası üçün əsas yaradır. Kadrların qiymətləndirilməsi, öz növbəsində, təşkilatın əslində hansı davranışları təşviq etdiyi barədə rəhbərlərdə təsəvvür formalaşdırır. Qərar keyfiyyətli inkişafa verilən töhfənin qiymətləndirilməsinin təkmilləşdirilməsini, tez bir zamanda nailiyyət qazanmaq meylinə və yeni rəhbərlərin sələflərinin öhdəlikləri ilə məşğul olmaqdan imtina etməsi təcrübəsinə qarşı mübarizəni nəzərdə tutur. Sonuncu məqam uzunmüddətli layihələr üçün xüsusilə əhəmiyyətlidir: vəzifəli şəxsin dəyişməsi institusional məsuliyyətin davamlılığını pozmamalıdır.

Bu baxımdan rəhbərin fəaliyyətinin nəticəliliyi zaman amili nəzərə alınmaqla qiymətləndirilməlidir. Layihənin tez başa çatdırılması gələcəkdə əlavə məsrəflərə gətirib çıxara, zəruri hazırlıq işləri isə nəticəsini bir səlahiyyət müddətindən sonra göstərə bilər. Buna görə də kadr siyasətinin keyfiyyəti qərarın əsaslılığını, resurslardan istifadəni və əldə olunmuş nəticələrin dayanıqlılığını nəzərə almaq qabiliyyətindən asılıdır.

Eyni zamanda təşəbbüskar kadrların dəstəklənməsi tədbirləri, o cümlədən bilə-bilə irəli sürülən yalan ittihamlara qarşı mübarizə və əsassız ittiham olunmuş şəxslərin nüfuzunun vaxtında bərpası rəsmi olaraq bəyan edilib. Bu tədbirlərin idarəetmə baxımından məqsədi sırf özünü qorumaq naminə qərar qəbul etməkdən yayınmağa sövq edən amilləri azaltmaqdır. Modernləşmə üçün rəhbərin yol verilən fəaliyyətin sərhədlərini anlaması və həmin çərçivədə hərəkət edə bilməsi vacibdir. Tələblər aydın olduqda və ardıcıl tətbiq edildikdə ciddilik qurucu məna qazanır.

Korrupsiyaya qarşı mübarizə siyasəti və nəzarət: normaların məcburiliyinin təmin edilməsi

Kommunikenin korrupsiyaya qarşı mübarizəyə aid hissəsində cəzalandırma, səlahiyyətlərdən sui-istifadə imkanlarının məhdudlaşdırılması və korrupsiyaya qarşı daxili barışmazlığın gücləndirilməsi bir-biri ilə əlaqələndirilir. Sənəd həmçinin partiyadaxili normaların təsir gücünün artırılmasını və müxtəlif nəzarət formalarının uzlaşdırılmasını nəzərdə tutur. Belə yanaşma pozuntuların müxtəlif səbəblərinə – şəxsi mənfəət hesablarına, prosedurların quruluşuna və peşə mühitinə təsir göstərməyə imkan verir.

Qeyri-rəsmi qaydalar problemi xüsusilə əhəmiyyətlidir. Onların mövcudluğu rəsmi tələblərin nüfuzunu zəiflədə bilər. Nəzərdə tutulan istiqamətlər sırasında partiya və dövlət fəaliyyətinin açıqlığı, bu cür təcrübələrin aradan qaldırılması və institutların təkmilləşdirilməsi qeyd olunur. Analitik baxımdan burada söhbət qərarlara təsir göstərmək və resurslardan yararlanmaq imkanlarının faktiki olaraq hansı qaydada əldə edilməsindən gedir. Rəsmi proseduru şəxsi razılaşmalar əvəz etdikdə, hətta ətraflı tənzimləmə mövcud olsa belə, idarəetmənin proqnozlaşdırıla bilməsi zəifləyir.

Odur ki, pozuntunun aşkarlanmasının ardınca onu mümkün edən şərait araşdırılmalıdır. Cəza törədilmiş əmələ görə məsuliyyəti müəyyənləşdirir; prosedurun dəyişdirilməsi isə oxşar vəziyyətin təkrarlanma ehtimalını azaldır. Nəzarət fəaliyyətinin uzlaşdırılması məhz ayrı-ayrı halların araşdırılmasından təkrarlanan təşkilati zəifliklərin aradan qaldırılmasına keçid üçün vacibdir.

Bu işi dəyərləndirərkən onun göstəricilərini bir-birindən fərqləndirmək lazımdır. Aşkar edilmiş pozuntuların sayı, digər amillərlə yanaşı, nəzarətin intensivliyini də səciyyələndirir; vəsaitlərin geri qaytarılması zərərin ödənilməsi üzrə nəticəni göstərir; təkrar pozuntuların azalması isə görülmüş düzəliş tədbirlərinin dayanıqlılığını əks etdirir.

Si Cinpinin inkişaf etdirdiyi partiyaya qarşı daimi tələbkarlıq prinsipi burada konkret institusional məzmun qazanır. Səlahiyyətlərin gündəlik həyata keçirilməsində qaydaların məcburiliyi qorunmalıdır. Məhz normaların ardıcıl tətbiqi, qeyri-rəsmi istisnaların aradan qaldırılması və qəbul olunmuş tədbirlərin icrasının yoxlanılması intizamın uzunmüddətli möhkəmlənməsi və idarəetmənin keyfiyyətinin yüksəlməsi üçün şərait yaradır.

Partiya qərarlarından ictimai nəticələrə: nəyi qiymətləndirmək lazımdır

Dövlətin fəaliyyətində və vətəndaşların gündəlik həyatında hansı dəyişikliklər plenumun qərarlarının icrasını qiymətləndirməyə imkan verəcək? Sualın bu şəkildə qoyuluşunun əsası Kommunikenin özündə yer alır: sənəd rəhbər kadrları ictimai maraqlara xidmət etməyə, xalqın rifahını yüksəltməyə, elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməyə və əməli fəaliyyətə yönəldir. Deməli, partiyanın müəyyənləşdirdiyi istiqamətlərin əhəmiyyətini insanların bilavasitə üzləşdiyi dövlət idarəçiliyinin keyfiyyəti baxımından da nəzərdən keçirmək lazımdır.

Hesab edirik ki, sonrakı müşahidələr üçün beş meyar mühüm əhəmiyyət daşıyır: əhalinin və müəssisələrin əsassız inzibati xərclərinin azaldılması; proqramların müddət və keyfiyyət tələblərinə riayət olunmaqla, resurslardan əsaslandırılmış şəkildə istifadə edilməklə icrası; vətəndaş müraciətlərində qaldırılan məsələlərin mahiyyəti üzrə həlli; təkrarlanan pozuntuların səbəblərinin aradan qaldırılması; kadrların qiymətləndirilməsinin real iş nəticələrinə uyğunluğu.

Bu meyarların hər biri konkretləşdirilməlidir. Prosedurun sadələşdirilməsi müraciət edənin sərf etdiyi vaxt və çəkdiyi xərclər əsasında qiymətləndirilməlidir; proqramın icrasını onun nəticəsində yaradılmış xidmətin əlçatanlığına və keyfiyyətinə görə qiymətləndirmək məqsədəuyğundur; müraciətlərlə işə isə qaldırılmış problemin həlli baxımından qiymət vermək məntiqlidir. Kadrların qiymətləndirilməsində əldə olunmuş müsbət dəyişikliklərin dayanıqlılığı və cəmiyyətə faydası mühümdür: yalnız kəmiyyət göstəricilərinə əsaslanmaq tapşırıqların formal yerinə yetirilməsini təşviq edə bilər.

Bununla yanaşı, sənədin qəbulu, təşkilati fəaliyyət təcrübəsinin dəyişməsi və ictimai nəticənin əldə olunması kimi məsələlərin özü üç mərhələ təşkil edir. Sonuncu iki mərhələnin qiymətləndirilməsi üçün vaxt, müqayisə edilə bilən məlumatlar və nəticəyə təsir göstərən digər amillərin nəzərə alınması lazımdır. Buna görə də plenumun əhəmiyyətinə dair qənaətlər onun müəyyənləşdirdiyi istiqamətlərin gündəlik idarəetməni necə dəyişdirdiyinin ardıcıl izlənməsi ilə tamamlanmalıdır.

Plenumun beynəlxalq əhəmiyyəti: dünya və Azərbaycan üçün perspektivlər

Plenumun qərarlarını Çin modernləşməsinin vəzifələri ilə əlaqəli şəkildə nəzərdən keçirməyi son dərəcə vacib hesab edirik. Heç bir şübhə yoxdur ki, qəbul olunmuş Qərarın konseptual əsasını Si Cinpinin partiya quruculuğuna dair ideyaları müəyyənləşdirib. Bu, partiya idarəçiliyinin təkmilləşdirilməsini Çinin uzunmüddətli inkişaf strategiyasını həyata keçirmək qabiliyyətini şərtləndirən daxili amillərdən biri kimi qiymətləndirməyə imkan verir.

Zənnimizcə, dünya üçün burada üç istiqamət mühüm əhəmiyyət daşıyır. Birincisi, Çinlə qarşılıqlı fəaliyyətin proqnozlaşdırılmasının mümkünlüyü: qərarların uzlaşdırılması və idarəetmə problemlərinin vaxtında aradan qaldırılması ticarət və investisiya tərəfdaşları üçün qeyri-müəyyənliyi azalda bilər. İkinci istiqamət səriştəli icraçılar, aydın məsuliyyət bölgüsü və resurslardan istifadəyə nəzarət tələb edən beynəlxalq layihələrin keyfiyyəti ilə bağlıdır. Belə layihələrin nəticəliliyi yerinə yetirilmiş öhdəliklərə və iştirakçı ölkələrə gətirdiyi faydaya görə qiymətləndirilməlidir. Üçüncü istiqamət dövlət idarəçiliyinin müqayisəli öyrənilməsidir: Çin təcrübəsi strateji varisliyin institutların yenilənməsi, intizamın isə təşəbbüskarlıqla hansı şəraitdə uzlaşdığını araşdırmaq üçün material verir.

Azərbaycan üçün bu məsələlər praktik məzmun daşıyır. Ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın mövcudluğu nəzərə alındıqda, kadr hazırlığı, strateji planlaşdırma, mürəkkəb layihələrin əlaqələndirilməsi və onların sosial-iqtisadi səmərəsinin qiymətləndirilməsi sahələrində peşəkar təcrübə mübadiləsi mühüm perspektiv açır.

Göründüyü kimi, plenumun beynəlxalq əhəmiyyəti Si Cinpinin partiya quruculuğuna dair ideyalarının inkişafının idarəetmənin keyfiyyətində və modernləşmənin nəticələrində nə dərəcədə təcəssüm tapacağı ilə müəyyənləşəcək. Dünya üçün bu, Çinlə daha proqnozlaşdırıla bilən və səmərəli əməkdaşlıq, Azərbaycan üçün isə öz bilik və bacarıqlarını gücləndirmək və birgə təşəbbüsləri milli inkişafın uzunmüddətli nəticələrinə çevirmək imkanı demək ola bilər.