“Cisco” “AmCham Azərbaycan”ın nahar görüşündə süni intellektlə bağlı təcrübəsini bölüşüb

cisco-amcham-azerbaycanin-nahar-gorusunde-suni-intellektle-bagli-tecrubesini-bolusub
Oxunma sayı: 264

Ötən gün Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) yerli və beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrini bir araya gətirən sentyabr ayı üzrə üzvlərin nahar görüşünü keçirib. 

“Qafqazinfo” xəbər verir ki, rəqəmsal transformasiya, bilik və təcrübə mübadiləsi, eləcə də peşəkar əlaqələrin qurulmasına həsr olunan tədbirin əsas qonaq spikeri “Cisco”nun Müştəri Təcrübəsi üzrə Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele Trombetta olub.

Nahar görüşü “AmCham Azərbaycan”ın İcraçı Direktoru cənab Zaur Kərimovun açılış nitqi ilə başlayıb. Qonaqları salamlayan cənab Zaur Kərimov Palatanın fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdan gələn tədbirləri barədə məlumat verib.

Daha sonra “AmCham Azərbaycan”ın Prezidenti cənab Nuran Kərimov çıxış edərək biznes ictimaiyyətini qlobal təcrübə və ekspertiza ilə bir araya gətirən platformaların əhəmiyyətini vurğulayıb. N. Kərimov biznes mühitində rəqəmsal transformasiyanın artan roluna toxunaraq “Cisco” kimi qlobal texnologiya liderləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, həmçinin “AmCham Azərbaycan”ın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında dialoqun, bilik mübadiləsinin və əməkdaşlığın təşviqinə sadiqliyini bir daha vurğulayıb.

Tədbirin əsas hissəsində “Cisco”nun Müştəri Təcrübəsi üzrə EMEA regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele Trombetta təqdimatla çıxış edib. Xanım Trombetta süni intellektə hazırlıq, rəqəmsal transformasiya və bizneslərin süni intellekti uğurla tətbiq etməsi üçün ata biləcəyi praktiki addımlar barədə fikirlərini bölüşüb. O, həmçinin “Cisco”nun qlobal işçi qüvvəsi miqyasında süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübəsindən nümunələr təqdim edib. Təqdimatın ardınca keçirilən interaktiv sual-cavab sessiyası iştirakçılara fikir mübadiləsi aparmaq və qonaq spikerlə birbaşa müzakirələrə qoşulmaq imkanı yaradıb.

Bununla yanaşı, proqram çərçivəsində “AmCham Azərbaycan”ın komitə və işçi qruplarının fəaliyyəti barədə məlumat təqdim olunub. Təhsil və Peşə İşçi Qrupun sədri Aygün xanım İsayeva və Marketinq, Kommunikasiya və Biznes İnkişafı (MCBD) Komitəsinin sədri Aysel Süleymanova rəhbərlik etdikləri komitə və işçi qruplarının son fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdakı prioritetləri barədə məlumat veriblər.

Nahar görüşü çərçivəsində “AmCham Azərbaycan”a üzv şirkətlərin nümayəndələri də öz təşkilatlarını və fəaliyyət istiqamətlərini təqdim etmək imkanı əldə ediblər. “Neurotime” şirkətinin həmtəsisçisi və Baş icraçı direktoru Vüqar Cavadov, “British School in Baku”nun Baş icraçı direktoru Amil Vəliyev və “Flame Towers Real Estate Management” şirkətinin Kommersiya direktoru Bahar Dadaşova təmsil etdikləri şirkətlərin əsas fəaliyyət istiqamətləri, xidmətləri barədə məlumat veriblər.

Rəsmi proqram nahar və şəbəkələşmə ilə davam edib. Bu, yeni işgüzar əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün şərait yaradıb.

“AmCham Azərbaycan” mütəmadi olaraq təşkil etdiyi üzvlərin nahar görüşləri vasitəsilə “AmCham Azərbaycan”ın üzvlərini, biznes liderlərini, müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirərək bilik və təcrübə mübadiləsini, peşəkar dialoqu, eləcə də Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsini təşviq edir.