İranı sərt tədbirlərlə hədələdi - “Onlar üçün yaxşı bitməyəcək”

irani-sert-tedbirlerle-hedeledi
Oxunma sayı: 446

“Etirazçılar edam olunarsa, çox ciddi tədbirlər görəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a verdiyi müsahibədə İranda bəzi etirazçıların edam edilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

İrandakı etirazları yaxından izlədiklərini deyən Tramp etirazçıların asılması ehtimalının ABŞ üçün “qırmızı xətt” olub-olmaması ilə bağlı suala cavab verib:

“Mən hələlik hər hansı bir edamdan xəbərsizəm. Amma əgər onları assalar, bunun qarşılığında bəzi şeylər görəcəklər. Belə bir hal baş verərsə, biz çox sərt tədbirlər görəcəyik”.

ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqtonun İrandakı etirazçılara kömək etmək üçün bir çox variantı var və bu yardımlar yalnız hərbi addımlarla məhdudlaşmır. O, iqtisadi və digər dəstək mexanizmlərinin də mümkün olduğunu bildirib.

Tramp prosesin yaxşı getmədiyini qeyd edib:

“İranda baş verənlərin olmasını istəmirik. Etiraz etmək bir şeydir, amma minlərlə insan öldürülməyə başlayanda vəziyyət dəyişir. İndi isə edamlardan danışılır. Gəlin görək, bu proses onlar üçün necə bitəcək. Yaxşı bitməyəcək”.

Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən başlayıb və qısa zamanda ölkənin bir çox şəhərinə yayılıb.