“ABŞ ilə danışıqlar üçün müraciət etməmişik”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran dövlət televiziyasına müsahibəsində deyib.
Bəqayi Tehranın Vaşinqtonla danışıqlar aparmaq üçün müraciət etdiyi barədə iddiaları təkzib edib. O bildirib ki, İran ABŞ ilə danışıqlar üçün heç bir tələb irəli sürməyib.
“Biz ABŞ ilə danışıqlar üçün heç bir tələb irəli sürməmişik. Lakin məsuliyyətli yanaşmamıza uyğun olaraq, regional vasitəçilərdən birinin İrana gələrək son vəziyyəti müzakirə etmək istəyini rədd etmədik”, – deyə o bildirib.
Bəqayi qeyd edib ki, vasitəçi missiyası çərçivəsində Qətər nümayəndələri ilə Məşhəd şəhərində görüş keçirilib və İran öz mövqeyini Doha tərəfinə çatdırıb.
Sözçü həmçinin ABŞ-ni əldə olunmuş anlaşma memorandumunun şərtlərini pozmaqda ittiham edib. Onun sözlərinə görə, Vaşinqtonun son addımları və yeni sanksiyalar memorandumun müxtəlif maddələrinin açıq şəkildə pozulması deməkdir.
“Çərşənbə və cümə axşamı baş verən hadisələr memorandumun birinci və ikinci maddələrinin açıq şəkildə pozulması idi. İran neftinin satışının dayandırılması ilə bağlı bəyanatlar və son sanksiyalar da razılaşmanın digər müddəalarına ziddir”, – deyə Bəqayi vurğulayıb.
O əlavə edib ki, İranın siyasəti hələ də “öhdəliklərə sadiqlik” prinsipinə əsaslanır və ABŞ-nin razılaşmaları pozması cavabsız qalmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın Vaşinqtonla danışıqlar aparmaq istədiyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər