Türk müğənni və “Ahbap” Dərnəyinin rəhbəri Haluk Levent saxlanılması ilə bağlı polis protokollarını sosial media hesabında paylaşaraq diqqətçəkən iddialar səsləndirib.
“Qafqazinfo” xəbər verir ki, müğənni ifadəsi zamanı bəzi məsələlər barədə danışmaq istəsə də, buna imkan verilmədiyini bildirib.
“Danışmaq istəyirdim, amma icazə vermədilər. Çünki dediklərimin rəsmi protokola düşməsini istəmirlər”, - deyə Haluk Levent qeyd edib.
Paylaşdığı sənədlərdən məlum olur ki, o, ifadəsinin əvvəlində 2023-cü il fevral zəlzələsindən sonra “Ahbap” Dərnəyinə toplanan təxminən 4 milyard Türkiyə lirəsi ianə və dərnəyin maliyyə vəziyyəti barədə danışmaq istədiyini bildirib.
Lakin Levent daha sonra siyasətçilər, dövlət qurumları və bəzi şəxslərlə bağlı açıqlamalar vermək istədiyini, istintaq əməkdaşlarının isə həmin mövzuların araşdırma ilə əlaqəli olmadığını əsas gətirərək bu bəyanatların protokola salınmasına imkan vermədiyini iddia edib. O, bununla əlaqədar sonrakı sualları cavablandırmaqdan imtina edərək susmaq hüququndan istifadə etdiyini bildirib.
Müğənninin paylaşdığı digər protokolda isə vəkilinin etirazı əks olunub. Sənəddə qeyd edilir ki, ifadə zamanı Haluk Levent “Süleyman Soylu” adı ilə bağlı bəzi açıqlamalar vermək istəsə də, bu fikirlərin protokola daxil edilməsinə icazə verilməyib. Vəkil bunun müdafiə hüququnun məhdudlaşdırılması olduğunu bildirərək etirazını rəsmiləşdirib.
Bundan əlavə, müdafiə tərəfi ifadənin tam şəkildə protokola yazılmadığını, bu səbəbdən isə müvəkkilinin ətraflı müdafiə verməsinin mümkün olmadığını bəyan edib.
Qeyd edək ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” Dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda araşdırma davam edir.


Son xəbərlər
Son Xəbərlər