“DÇ biletinə o pulu mən də ödəmərəm”

dc-biletine-o-pulu-men-de-odemerem
Oxunma sayı: 575

ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə Dünya Çempionatı biletlərinin yüksək qiymətləri ilə bağlı müzakirələrə münasibət bildirib. Tramp xüsusilə Los-Ancelesdə keçiriləcək ABŞ-Paraqvay açılış oyununun biletlərinin 1000 dollara qədər yüksəlməsini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, “New York Post” nəşrinə danışan Tramp bildirib ki, özü belə bir oyun üçün bu qədər pul ödəməzdi.

“Düzünü desəm, DÇ biletinə o pulu mən də ödəmərəm. Oyunu canlı izləmək istəyənlərin qiymətlərdən məyus olmasını istəməzdim”, - o deyib.

ABŞ Prezidenti azarkeşlərin canlı oyun izləmək istəyərkən yüksək qiymətlərlə qarşılaşmasının məyusedici olduğunu vurğulayıb.

Digər tərəfdən, FIFA yeni qiymət siyasətini müdafiə edib. Quruma görə, 2026 Dünya Çempionatı üçün bilet qiymətləri komandaların populyarlığı və oyunlara olan tələbat əsasında müəyyənləşdirilir. Bu yanaşma xüsusilə ev sahibi ölkələrin oyunlarında rekord qiymətlərə səbəb olub.

FIFA prezidenti Canni İnfantino isə qiymətlərin ABŞ-də keçirilən digər böyük idman tədbirləri ilə müqayisədə normal olduğunu bildirib. O, daha ucuz biletlərin “qara bazar”da daha yüksək qiymətə satılması riskinə də diqqət çəkib.

Artan tənqidlərdən sonra FIFA bəzi oyunlar üçün məhdud sayda daha münasib qiymətli biletlərin satışa çıxarılacağını açıqlayıb. Bundan əlavə, Ontario əyalətində biletlərin ilkin qiymətdən baha satılmasını qadağan edən qaydalar tətbiq olunub.

Turnirlə bağlı narazılıq yalnız bilet qiymətləri ilə məhdudlaşmayıb. “MetLife Stadium” stadionuna nəqliyyat xərclərinin də ciddi şəkildə artması tənqidlərə səbəb olub. Nyu-Cersi hökumətinin müdaxiləsindən sonra qatar biletlərinin qiyməti endirilib və yeni tarif 105 dollar olaraq müəyyənləşdirilib.

Rəsmilər stadion ətrafında şəxsi avtomobil dayanacağının məhdud olacağını bildirərək azarkeşləri ictimai nəqliyyatdan istifadə etməyə çağırıblar.