“Dedilər sənə dərman alsaq, daha ağır qazilərimizə pul çatmayacaq”

dediler-sene-derman-alsaq-daha-agir-qazilerimize-pul-catmayacaq
Oxunma sayı: 3743

Qazi Rəsul Hüseynlinin Vətən müharibəsinin ildönümündə ötən ildən bu yana yaşadıqları haqda yazdıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aidiyyəti qurumlardan şikayətçi olan R. Hüseynli çətin şəraitdə olan yaşayışı, problemləri ilə bağlı "365 gün" adı altında paylaşım edib. Onun sözlərinə görə, bu 365 gündə dərman almaqda, ailəsini dolandırmaqda ona dostları yardım edib. 

“Qafqazinfo” xəbər verir ki, qazi bununla bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb: “Səhhətimdəki problemlər, gərginlik, əsəb stress. Müalicə üçün pul... Dostlar sağ olsun, idarə edirlər. Öz şəxsi mağazamın bağlanmasına görə işsizlik, maddi vəziyyətin çətinliyi... Dostlar sağ olsun, idarə edirlər. Müharibəyə getdiyim gündən gələn günə kimi heç kim evimlə maraqlanmadı. Dostlar sağ olsun, evin kirayəsindən kommunal xərclərə kimi ödədilər”.

Qazi həmçinin qeyd edib ki, “YAŞAT” Fonduna müraciət etsə də, ona köməklik olunmayıb: "Bir dəfə 2500 manatlıq məişət şəraitinin yaxşılaşdırması üçün müraciət etmişəm. Dedilər büdcəmiz məhduddur. İkinci dəfə dərmanlar üçün müraciət etmişəm. Dərmanların ümumi dəyəri 72 manat idi. Dedilər 72 manatlıq dərmanı sənə alsaq, səndən də ağır qazilərimizə pul çatmayacaq. Dedim ki, onda 80 manat veteran pulumuzu verin, özüm alım, ya da siz dərmanı alın sonra mən sizə pulu ödəyərəm. Dedilər ki, bizdə nisyə dəftəri yoxdur...”

Sözügedən problemlə bağlı “YAŞAT” Fonduna sorğu ilə müraciət etdik. Fonddan “Qafqazinfo”ya qazinin müraciət etdiyini təsdiqlədilər. Lakin müvafiq sənədlərin olmaması səbəbindən ona köməklik etməyin mümkün olmadığı bildirildi: “Qazimiz Hüseynli Rəsul Hüseyn oğlunun 2021-ci ilin oktyabr ayı ərzində Fondun çağrı mərkəzinə zəngi daxil olub, Fond tərəfindən ona yardım edilməsi barədə istəyini bildirib. Lakin xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alındığını təsdiq edən zəruri sənədlərinin (əlilliyin təyin olunmasına dair çıxarış; hərbi həkim komissiyasının qərarı əsasında verilmiş əlilliyin təyin olunmasına əsas verən xəstəlik haqqında şəhadətnamə) olmadığını bildirib. “YAŞAT” Fondunun subyektləri şəhid ailə üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər olduğundan ona zəruri sənədləri təqdim edəcəyi təqdirdə yardım edilə biləcəyi izah olunub”. 

Gülnar Əliyeva