Atlantik okeanında, Kabo-Verde sahilləri yaxınlığında lövbər salan, göyərtəsində 23 ölkədən 150-dən çox sərnişinin olduğu Niderlandın “MV Hondius” kruiz gəmisində hantavirusla bağlı yoluxma halları qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə beynəlxalq səhiyyə qurumlarını hərəkətə keçirib və bir neçə sərnişin təcili şəkildə təxliyə olunub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstələrin tibbi təyyarələrlə Niderlanda köçürüldüyünü təsdiqləyib. ÜST baş direktoru Tedros Adhanom Qebreyesus hazırkı mərhələdə ictimai sağlamlıq üçün ümumi riskin aşağı olduğunu bildirib.
.jpg)
İspaniya Səhiyyə Nazirliyi təxliyə edilənlər arasında gəmi həkiminin də olduğunu açıqlayıb. İlkin planla onun Kanar adalarına aparılması nəzərdə tutulsa da, vəziyyətinin stabilləşməsindən sonra birbaşa Niderlanda göndərilib.
Məlumata görə, “MV Hondius” gəmisində ümumilikdə 8 hantavirus halı təsdiqlənib. Bunlardan 3 nəfər həyatını itirib, 1 nəfərin vəziyyəti ağırdır, digərlərində isə yüngül simptomlar müşahidə olunur.
İlk simptomlar aprelin son həftələrində qızdırma, halsızlıq və mədə-bağırsaq pozğunluqları ilə başlayıb. Bəzi hallarda xəstəlik sürətlə ağırlaşaraq ağciyər çatışmazlığı və şok vəziyyətinə qədər irəliləyib.
.jpg)
Sərnişinlərin bir hissəsi artıq Avropa təxliyə mexanizmləri çərçivəsində Kabo-Verde və Kanar adaları üzərindən Niderland və İspaniyaya yönləndirilib. Tenerife və Qranadilya de Abona limanlarında xüsusi tibbi nəzarət prosedurları tətbiq olunur.
Bildirilir ki, bütün sərnişinlər və heyət üzvləri ÜST və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) hazırladığı protokollara uyğun müayinə ediləcək.
Məlumata görə, tanınmış türkiyəli yutuber Ruhi Çenet də “MV Hondius” gəmisində olub. Onun gəmidə təxminən 24 gün qaldığı və səyahətini sosial media üzərindən paylaşdığı bildirilir. R.Çenetin hazırda vəziyyətinin stabil olduğu, lakin protokol çərçivəsində tibbi müşahidəyə alındığı qeyd olunur.
.jpg)
Ruhi Çenet uzunmüddətli okean səfərinin gözlənilməz şəkildə ciddi hadisələrlə yadda qaldığını bildirib: “Təxminən bir aylıq gəmi səyahətimiz zamanı sərnişinlərdən birinin öldüyünü əvvəlcə okean şəraiti ilə əlaqələndirdim. Amma sonradan vəziyyətin düşündüyümüzdən daha ciddi olduğu ortaya çıxdı”.
Məşhur yutuber gəmini 24-cü gündə tərk etdiyini, lakin səfərin bundan sonra da təxminən 11 gün davam etdiyini bildirib. Onun sözlərinə görə, gəmidə sonrakı günlərdə vəziyyət daha da gərginləşib.
Çenet həmçinin gəmidən ayrıldıqdan sonra daha iki ölüm hadisəsinin qeydə alındığını qeyd edib və əlavə edib ki, üçüncü ölümün ardından vəziyyətin hantavirusla bağlı olduğu təsdiqlənib.
“Sonradan məlum oldu ki, bu müalicəsi olmayan və əsasən gəmiricilər vasitəsilə yayılan hantavirusdur. İlk ölümün də bu xəstəlikdən olduğu ortaya çıxdı”, - deyə o bildirib.
Çenet iddia edib ki, ilk yoluxma hallarından sonra gəmidə ciddi karantin və ya izolyasiya tədbirləri tətbiq olunmayıb. Onun sözlərinə görə, sərnişinlər arasında yaxın təmas davam edib, yeməklər birlikdə yeyilib və qrup fəaliyyətləri ləğv edilməyib.
Ruhi Çenet hazırkı vəziyyəti ilə bağlı da məlumat verib: “Mənimlə maraqlananlara təşəkkür edirəm. Sağalmışam, amma baş verənlər hələ də ağlımdadır. Lazımi analizlərimi verdim”.
Epidemiyanın dəqiq mənbəyi hələ müəyyən edilməyib. İlkin ehtimallara görə, yoluxma ya Cənubi Amerikaya edilən ekspedisiya zamanı, ya da gəminin vəhşi təbiət ərazilərinə yaxın marşrutlarda baş verə bilər.
Mütəxəssislər bəzi hallarda And tipli hantavirusun nadir şəkildə insandan insana keçə bilməsini də istisna etmir, lakin bunun çox məhdud olduğu vurğulanır.
Hantaviruslar gəmiricilər vasitəsilə yayılan virus ailəsidir, əsasən, siçan və siçovulların ifrazat hissəciklərinin nəfəs alınması ilə insana yoluxur. Xəstəlik əvvəlcə qripəbənzər simptomlarla başlayır, daha sonra ağır tənəffüs çatışmazlığına səbəb ola bilər.
Xüsusi müalicəsi yoxdur, əsasən, reanimasiya və dəstəkləyici tibbi yardım tətbiq olunur.
ÜST bildirir ki, hazırda gəmidən kənarda geniş yayılma əlaməti yoxdur və qlobal risk aşağı səviyyədə qalır. Bununla belə, təmasda olan şəxslərin izlənməsi və əlavə testlər davam etdirilir.

