Dermatoloq Rəna Soltanova və Dr. Ahmet Atalık estetik tibbin yeni trendlərini təqdim edəcəklər

dermatoloq-rena-soltanova-ve-dr-ahmet-atalik-estetik-tibbin-yeni-trendlerini-teqdim-edecekler
Oxunma sayı: 330

Müasir estetik tibbdə gözəllik anlayışı dəyişir. Məqsəd artıq üzü dəyişdirmək deyil, insanın fərdi xüsusiyyətlərini qorumaq, üz anatomiyasını düzgün qiymətləndirmək və minimal müdaxilə ilə təbii, balanslı nəticə əldə etməkdir.

Məhz bu yanaşmaların nəzəri və praktiki tərəfləri 3 noyabr 2026-cı il tarixində keçiriləcək Estetik Tibb Konfransında müzakirə olunacaq. Konfransın spikerləri dermatoloq Rəna Soltanova və Türkiyədən dəvət olunmuş mütəxəssis Ahmet Atalık olacaq.

Tədbir klassik mühazirə formatından fərqli olaraq, iştirakçılara real klinik təcrübəni yaxından izləmək imkanı təqdim edəcək. Canlı modellər, real klinik hallar və interaktiv müzakirələr proqramın əsas hissəsini təşkil edəcək.

Bir prosedur deyil, bütöv üz yanaşması

Konfransda “full face” harmonizasiya prinsipinə xüsusi diqqət ayrılacaq. Alın, orta üz, göz ətrafı və digər anatomik zonaların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsi daha təbii və balanslı nəticələrin əldə olunmasına imkan verir.

“Ceyran göz” effekti, alın və orta üz dolğusu, saçdibi dolğusu, üz proporsiyalarının qiymətləndirilməsi və müxtəlif prosedurların kombinasiyası kimi aktual mövzular praktik nümunələrlə təqdim olunacaq.

Xüsusi diqqət “minimum dolğu – maksimum nəticə” yanaşmasına yönələcək. Düzgün anatomik nöqtənin, uyğun texnikanın və dəqiq preparat miqdarının nəticəyə təsiri real klinik hallar üzərindən izah ediləcək.

Botulinotoksin: ənənəvi yanaşmadan daha geniş

Proqramda botulinotoksinin yalnız klassik üz korreksiyalarında deyil, daha fərqli tətbiq sahələrində istifadəsi də nəzərdən keçiriləcək. Boyun nahiyəsinin daha uzun və zərif görünməsinə yönəlmiş yanaşmalar, “buffalo hump” korreksiyası və miqren zamanı botulinotoksin protokolları mövzular sırasında olacaq.

Canlı model və real klinik hallar

Konfransın əsas üstünlüklərindən biri canlı modellər üzərində keçiriləcək praktiki demonstrasiyalardır. İştirakçılar pasiyentin ilkin qiymətləndirilməsindən prosedur planının hazırlanmasına, tətbiq nöqtələrinin seçilməsindən texnikaların mərhələli icrasına qədər bütün prosesi izləyə biləcəklər.

Bununla yanaşı, müxtəlif klinik hallar təhlil və müzakirə olunacaq. Spikerlər konkret vəziyyətlərdə qərarvermə prosesini, prosedur seçiminin səbəblərini və alternativ yanaşmaları izah edəcəklər.

Beləliklə, 3 noyabr yalnız yeni prosedurlar haqqında məlumat almaq deyil, real klinik təcrübədən öyrənmək, estetik yanaşmanı inkişaf etdirmək və müasir tibbi trendləri praktik şəkildə görmək üçün mühüm görüş nöqtəsi olacaq.