“Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

dini-sexsi-meqsedler-ucun-istismar-etmeklerine-imkan-vermemeliyik
Oxunma sayı: 666

“Son zamanlar ölkəmizə ideoloji zəmində olan hybrid hücumlar mühüm bir məsələni gündəmə gətirib. Bu, milli ideologiyadır, ideoloji təhlükəsizlikdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 

Deputat çıxışında YAP-n 8-ci qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə istinad edib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. 

1998-ci il 21 noyabrda YAP-ın yaranmasının 6-cı ildönümündə Ulu öndər Heydər Əliyev bildirib ki, dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına görə, öz ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin. 

Xalqımızın milli-mənəvi dəyərlərinin ən əsası müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir, mütərəqqi insanları, böyük şəxsiyyətləri xalqımızn milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət-ənənələrimizdir, ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir.

Amma eyni zamanda, biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir.

Bizim milli ideologiyamızın bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıb.

Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.

Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. 

Məhz bu məqsədlə, hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmunun zənginləşməsinə mühüm töhfə verə bilər”.

Nuranə Daxilqızı