“Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü”.
“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Toplum TV-yə uşağın atası Zamin Babayev müraciət edib.
Valideynin sözlərinə görə, onlar uşağın dişlərini sedasiya üsulu ilə düzəltdirmək istəyiblər: “Bakı Sağlamlıq Mərkəzində həkim Bəhruz Rüstəmov israrla uşağa narkoz verilməsini istəyib. Bizim tərəfimizdən isə buna etiraz olunub. Nərmin adlı anestezioloq həmin vaxt təcili əməliyyatının olduğunu, həmçinin kabinetdə oksigen xəttinin olmamasını deyib. Lakin buna baxmayaraq uşağa narkoz veriblər. Biz ora sedasiya ilə bağlı yaxınlaşmışdıq və uşaqda yüngül allergiya olduğunu da bildirmişdik. Hətta özümüz narkoz tələb etsəydik belə, uşaq bəzi müayinələrdən keçirilməli, ürəyi yoxlanılmalı idi”.
Fotoda: valideyn Zamin Babayev
Z. Babayevin sözlərinə görə, uşağın vəziyyəti dişi düzəldilən zaman pisləşib: “Təxminən 40 dəqiqə keçəndən sonra bizə dedilər ki, uşağın təzyiqi düşmüşdü, təzyiqini normallaşdırmaq üçün reanimasiyaya salırıq. Bir saata özünə gəlsin, evə göndərəcəyik. Bizi aldatdılar, görünür ki, anestezioloq lazımi müayinələri etməmişdi. Bəlkə də, narkoz lazımı dozadan artıq olub. Bəlkə də, o uşağın yanında olmayıb. Sonradan öyrəndik ki, ürəkdayanma olub. Bu zaman erkən müdaxilə 3-5 dəqiqə ərzində olunarsa, beyinə oksigen gedər. Uşağı başıaşağı çevirməli idilər ki, qan beyninə işləsin. Qızım Bakı Sağlamlıq Mərkəzində 4 gün qalıb. Beyin zədələnməsi zamanı qızıl dönəm ilk 72 saat sayılır. Doğru tədbirlər aparılarsa, beyni mümkün qədər qorumaq ola bilər. Uşaq 8 dəqiqə, bəlkə də, 15-20 dəqiqə nəzarətsiz qalıb və fəsadlar ortaya çıxıb. Öz təşəbbüsümüzlə xəstəxanadan çıxarıldı və köçürüldü. Hazırda uşaq Mərkəzi Klinikadadır, beyni MRT olunub və fəsadlarda artma var. Vəziyyəti kritikdir və ağır koma vəziyyətindədir. Anestezioloq ortada yoxdur, onunla danışa bilməmişik. Nə rəhbərlik səviyyəsində təşəbbüs göstərilmədi, bizə köməklik olunmadı. 3-4 gün aldadaraq vaxtımızı aldılar. Gözləyirdilər ki, koridorlarda 3-4 gün qalaraq süstləşək və bu vəziyyəti qəbullanaq”.
Z. Babayev bu proseslərdə kimin günahı varsa, araşdırılıb cəzalandırılmasını istəyir. Bunun üçün artıq prokurorluğa da müraciət etdiyini qeyd edib.
Sadalanan ittihamlara aydınlıq gətirmək üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Gülnar Əliyeva