Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirildi - Fotolar

dovlet-ozel-terefdasligi-cercivesinde-maliyye-savadliligi-ve-kibertehlukesizlik-movzusunda-telim-kecirildi
Oxunma sayı: 111

“Expressbank”ın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün “Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı bankın ekspertləri maliyyə resurslarının idarə olunması, gəlir və xərclərin planlaşdırılması, kredit imkanlarından səmərəli istifadə, maliyyə risklərinin qiymətləndirilməsi, eləcə də kiberdələduzluqdan qorunma və şəxsi maliyyə məlumatlarının təhlükəsizliyi barədə praktiki tövsiyələrini bölüşüblər.

“Qafqazinfo” xəbər verir ki, tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə maliyyə savadlılığı və kibertəhlükəsizliyin aqrar sektorun dayanıqlı inkişafında, fermer və sahibkarların fəaliyyətinin gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, çıxışında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan aqrar maliyyə, sığorta və risklərin idarə edilməsi mexanizmlərinin inkişafı, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi prioritetlərinə toxunub. Bildirib ki, bu istiqamətlərdə fermer və sahibkarların maarifləndirilməsi, maliyyə resurslarından səmərəli istifadə və müasir texnologiyalar barədə biliklərinin artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət-özəl əməkdaşlığı çərçivəsində təşkil olunan təlim və maarifləndirici tədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrar texnologiyaların və qabaqcıl təcrübələrin geniş yayılmasına xidmət edir.

Təlim çərçivəsində Expressbankın İqtisadi Təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev “Kibertəhlükəsizlik və kiberdələduzluqdan qorunma” mövzusunda çıxış edərək rəqəmsal mühitdə mövcud təhlükələr, kiberdələduzluq üsulları, bank kartları və şəxsi maliyyə məlumatlarının qorunması barədə iştirakçılara ətraflı məlumat verib, təhlükəsiz onlayn əməliyyatların aparılması ilə bağlı tövsiyələrini bölüşüb. Ardınca bankın Biznes Bankçılıq departamentinin direktor müavini Yaşar Cabarov “Sahibkarlar üçün ümumi maliyyə savadlılığı” mövzusunda çıxış edərək gəlir və xərclərin planlaşdırılması, maliyyə resurslarının düzgün idarə olunması, kredit imkanlarından səmərəli istifadə və maliyyə risklərinin qiymətləndirilməsi məsələlərinə toxunub. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətinin davamlılığı və düzgün biznes qərarlarının qəbulunda mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritet istiqamətlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, aqrar maliyyə, sığorta və risk idarəetməsi mexanizmlərinin inkişaf etdirilməsi, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi prioritetləri sahibkarların bilik və bacarıqlarının artırılmasını, maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsini və müasir texnologiyalar barədə məlumatlandırılmasını zəruri edir.

Expressbank ASC aqrar sektorun inkişafında mühüm rol oynayan fermer və sahibkarların yanında olmağı, onların biznes potensialının reallaşdırılmasına töhfə verməyi və dəyişən iqtisadi mühitin çağırışlarına daha hazırlıqlı olmaları üçün bilik və bacarıqlarının inkişafına dəstək göstərməyi bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.