Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, “Luxconcept” şirkətinin baş sponsorluğu, “Biznes TV” və “Biznes Mərkəzi”nin media dəstəyi ilə “Dövlət və özəl sektorun əməkdaşlığında sahibkarların rolu” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları Tahir Mirkişili, Mehriban Vəliyeva, Hikmət Babaoğlu, Səbinə Salmanova, Vüqar Bayramov və Razi Nurullayev, sahibkarlar, media nümayəndələri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi, sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsi, biznes təşəbbüslərinin dəstəklənməsi və sahibkarların iqtisadi inkişaf proseslərində fəal iştirakının təşviq olunması olub.
Çıxışlar zamanı dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, biznes subyektləri üçün yaradılan imkanlar, yeni təşəbbüslərin dəstəklənməsi və sahibkarlıq ekosisteminin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə gənclərin və tələbələrin innovativ təşəbbüslərinə də xüsusi diqqət yetirilib.
Belə ki, dörd tələbənin təqdim etdiyi startap layihələri FAYDA sahibkarları tərəfindən dəstəklənib və layihə müəlliflərinə pul mükafatları təqdim olunub. Bu təşəbbüs gənclərin innovativ ideyalarının reallaşdırılmasına və onların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlib.
Tədbir çərçivəsində dövlət qurumları, sahibkarlar, ictimaiyyət və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın gücləndirilməsi, sahibkarların təşəbbüslərinin dəstəklənməsi və gənclərin innovativ ideyalarına imkan yaradılması ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verən əsas amillərdəndir.
Tədbirin sonunda təşkilatçılar iştirak edən dövlət qurumlarının nümayəndələrinə, Milli Məclisin deputatlarına, sahibkarlara, media və mədəniyyət nümayəndələrinə təşəkkürlərini bildiriblər.









Son xəbərlər
Son Xəbərlər