İran xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo” xəbər verir ki, iş üzrə toplanmış dəlil və sübutlar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri keçirilib.
İstintaqla müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.
Mirhafiz Cəfərzadəyə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.