Dron qalmaqalı böyüyür - Almaniya Rusiyanı rəsmən ittiham etdi

dron-qalmaqali-boyuyur
Oxunma sayı: 888

Almaniya hökuməti Leypsiq-Halle hava limanında baş vermiş dron hücumuna görə Rusiyanı rəsmən ittiham edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Berlinin mövqeyini mətbuat konfransında ölkənin daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohan Vadeful açıqlayıblar.  

Dobrindtin sözlərinə görə, polis araşdırmasının nəticələri, hadisənin xarakterik cəhətləri, eləcə də kəşfiyyat məlumatları “Rusiyanın planlaşdırılan, həyata keçirilən, həmçinin qarşısı alınan hibrid əməliyyatlarla əlaqəli olduğunu açıq şəkildə göstərir”.

Vadeful isə bu addıma cavab olaraq, Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki “Rus Evi”nin bağlanacağını bildirib. O, həmçinin Rusiya vətəndaşlarının Almaniyaya girişinə nəzarətin sərtləşdiriləcəyini bildirib. 

Bununla yanaşı, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rütte bu məsələdə Almaniya ilə tam həmrəy olduqlarını bəyan ediblər. AK rəsmisi bu hadisə ilə əlaqədar olaraq, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. 

Artıq Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. Səfir isə ölkəsinin bu insidentlə əlaqəli olması ilə bağlı bütün iddiaları qətiyyətlə rədd edib.

Xatırladaq ki, avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) aşkarlanmışdı. Ərazidə Ukraynaya hərbi təchizat daşıyan “Antonov” yük təyyarələri olub. Daha sonra hadisə ilə əlaqəli olduğu ehtimal edilən daha bir PUA və partlayıcı maddə də aşkarlanıb.