Qlobal ərzaq qiymətləri əlverişsiz hava şəraiti, geosiyasi gərginlik və ticarət yollarında yaranan problemlər fonunda son 4 ilə yaxın dövrün ən yüksək səviyyəsinə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ərzaq Qiymət İndeksi avqust ayında aylıq müqayisədə 1,9 faiz artaraq 133,3 bəndə çatıb.
Bu, 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. İndeks ötən ilin eyni ayı ilə müqayisədə isə 2,5 faiz yüksəlib.
Qlobal ərzaq və gübrə bazarlarında qiymət artımına Yaxın Şərqdəki münaqişələr, Rusiya-Ukrayna müharibəsi fonunda Qara dəniz üzərindən daşınmalardakı qeyri-müəyyənlik, enerji qiymətlərinin yüksəlməsi və ekstremal hava şəraiti təsir göstərir.
Qırmızı dəniz və Babül-Məndəb boğazında təhlükəsizlik riskləri səbəbindən bəzi gəmiçilik şirkətləri marşrutlarını Ümid Burnu istiqamətinə dəyişib. Daha uzun marşrutlar isə yanacaq, daşınma və sığorta xərclərinin artmasına səbəb olur. Bu amillər enerji və gübrə ilə yanaşı, taxıl və digər ərzaq məhsullarının daşınma xərclərini də artırır.
FAO-nun məlumatına görə, avqust ayında ərzaq indeksinə daxil olan bütün əsas məhsul qruplarında qiymət artımı qeydə alınıb.
Şəkərin qiyməti bir ay ərzində 11,9 faiz bahalaşaraq 2025-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb. Artım Avropa İttifaqında isti və quru hava səbəbindən şəkər çuğunduru məhsuldarlığının azalacağı gözləntiləri, Asiyada güclü “El Nino”nun istehsala mümkün təsiri, Braziliyanın mərkəzi-cənub bölgəsində istehsal itkiləri və Hindistanın xam şəkərin rüsumsuz idxalına icazə verməsi ilə əlaqələndirilir.
Eyni dövrdə taxıl qiymətləri 2,2 faiz, süd məhsulları 2,3 faiz, ət qiymətləri isə 1 faiz artıb.
Qara dəniz bölgəsində ixrac problemləri və Avropada isti, quru hava şəraiti buğdanın qiymətinə də təsir göstərib. Buğda aylıq müqayisədə 2,6 faiz, illik müqayisədə isə 15 faiz bahalaşıb.
ABŞ və Avropa İttifaqında istehsalla bağlı narahatlıqlar, yem və etanola tələbat, eləcə də Ukrayna ixracındakı fasilələr fonunda qarğıdalının qiyməti 2,5 faiz artıb. Düyü isə 0,5 faiz bahalaşıb.
Bitki yağlarının qiyməti də son üç ayda artımını davam etdirərək 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə yüksəlib. Buna güclü idxal tələbi və Cənub-Şərqi Asiyada istehsalın “El Nino”nun mənfi təsirinə məruz qala biləcəyi ilə bağlı narahatlıqlar səbəb olub.
FAO qlobal taxıl istehsalının 2026-cı ildə əvvəlki illə müqayisədə 2 faiz azalaraq 2,98 milyard tona düşəcəyini proqnozlaşdırır.
Proqnoza görə, dünya üzrə qarğıdalı istehsalı 1,309 milyard ton, buğda istehsalı 810,7 milyon ton, düyü istehsalı isə 553,1 milyon ton olacaq.
Qlobal taxıl ehtiyatları hələlik məqbul səviyyədə qalsa da, istehsal və ticarətdəki azalma bazarlarda təkliflə bağlı narahatlıqları artırır.
Son xəbərlər
Son Xəbərlər