“Rockstar Games” şirkətinin məşhur “Red Dead Redemption 2” (RDR2) oyunu 85 milyonluq satış həddini keçərək dünya videooyun tarixinə düşüb.
“Qafqazinfo” “GamesRadar+” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat layihənin sahibi olan “Take-Two” şirkətinin yeni maliyyə hesabatında yer alıb.
Bildirilib ki, bununla da oyun bəşəriyyət tarixində ən çox satılan ilk 3 videooyundan biri olmağı bacarıb.
Ümumi satış həcmində üçüncü pilləyə yüksələn RDR2 yalnız reytinq liderləri olan “Minecraft” və “Tetris”dən (hər ikisi birinciliyi bölüşür), eləcə də öz “böyük qardaşı” “Grand Theft Auto V”dən (GTA V) geri qalır. Hesabata əsasən, bu günə qədər “GTA V”in ümumi qlobal satışı təxminən 230 milyon nüsxəyə çatıb.
Qeyd edək ki, “Red Dead Redemption 2” vestern janrında, açıq dünyaya malik macəra-ekşen oyunudur. XIX əsrin sonlarında cərəyan edən hadisələr Artur Morqan adlı qanundankənar dəstə üzvünün hekayəsindən bəhs edir. Layihə inanılmaz dərəcədə detallı işlənmiş dünyası, dərin süjeti və ətraf mühitlə yüksək interaktivlik səviyyəsi sayəsində oyun sənayesində kult statusu qazanıb.
Son xəbərlər
Son Xəbərlər