Dubay növbəti iddialı layihəsi ilə yenidən diqqət mərkəzindədir.
“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbərliyi dünyada ilk dəfə bir küçənin tamamilə qızılla örtülməsi planını açıqlayıb.
Layihənin əsas məqsədi turistlərin və sosial media fenomenlərinin diqqətini cəlb etməkdir.
Qızılla örtülmüş küçə zərgərlik sektoru üçün xüsusi olaraq dizayn edilən və “Gold district” adlandırılan iri layihənin tərkib hissəsi olacaq. Bu ərazi alıcıları, turistləri və sənaye nümayəndələrini bir məkanda birləşdirməyi hədəfləyir.
Məlumata görə, Gold district”də 1000-dən çox qızıl, zərgərlik və kosmetika mağazası fəaliyyət göstərəcək. Layihədə “Jawhara Jewellery”, “Malabar Gold and Diamonds”, “Al Romaizan” və “Tanishq Jewellery” kimi beynəlxalq brendlərin yer alması planlaşdırılır. Bundan əlavə, ərazidə xarici qonaqlar üçün altı yeni hotel tikiləcək.
Dubay Festivalları və Pərakəndə Satış İdarəsinin baş direktoru Əhməd Əl Xaca bildirib ki, qızıl Dubay mədəniyyətinin ayrılmaz hissəsidir:
“Bu layihə ilə biz həm tarixi irsimizi vurğulayır, həm də yaradıcılıq və davamlılıq baxımından yeni mərhələyə qədəm qoyuruq”.
“Gold district”in Dubayın ən qədim ticarət məkanlarından biri olan Qızıl Bazara yaxın yerləşməsi layihəni daha da cəlbedici edir. Ziyarətçilər burada həm tarixi bazarı gəzə, həm də lüks mağazalarda alış-veriş edə biləcəklər.
Bu təşəbbüs Dubayın son illərdə reallaşdırdığı rekord layihələrə daha birini əlavə edir. Şəhər dünyanın ən hündür hoteli, ən hündür metro stansiyası və ən böyük hava limanı kimi layihələrlə də qlobal diqqəti üzərində saxlayır.
Qızılla örtülmüş küçə layihəsi Dubayın “imkansız yoxdur” yanaşmasını bir daha nümayiş etdirir və şəhərin innovativ turizm mərkəzi statusunu möhkəmləndirir.



Son xəbərlər
Son Xəbərlər