Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycannın BƏƏ-dəki səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhoul və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər. Hər bir görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin ölkəmizdə yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və Azərbaycan tərəfi bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, əlaqələrinin inkişafı müzakirə olunub.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” “Conrad” otelində “Şuşa - dünən və bu gün” adlı foto - sərgi və "Qarabağ milli geyimləri" nümayiş edilib. İştirakçılar Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər. Tədbirdə BƏƏ XİN Asiya və Sakit Okean Departamentinin direktoru cənab Əbdüləziz Əl-Niyadi və Əbu-Dabi şəhərinin dövlət qurumlarının rəhbərləri iştirak edib.
“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala – konsert keçirilib. Bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykənir.