Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalına start verilib.
“Qafqazinfo” xəbər verir ki, festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Oktyabrın 25-dək davam edəcək festival zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və milli brendin formalaşdırılmasına dəstək məqsədi daşıyır.
Festival ərazisində qurulan pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim olunur. Ziyarətçilər yerli məhsullarla tanış olmaq, onların çeşidlərini nəzərdən keçirmək və məhsulları əldə etmək imkanı qazanırlar.
Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun tədbirin əsas mövzusudur. Festival zeytunçuluq ənənələrinə, yerli məhsullara və bu sahədə çalışan insanların əməyinə diqqət çəkmək üçün imkan yaradır.
Tədbirin yerli sakinlərin və xarici qonaqların sevimli gəzinti məkanlarından biri olan Dənizkənarı Milli Parkda təşkili zeytun və zeytun məhsullarının daha geniş ziyarətçi kütləsinə tanıdılmasına şərait yaradır.
Üç gün davam edəcək festival çərçivəsində ziyarətçilərə mədəni və əyləncə proqramı təqdim olunur. Proqrama canlı musiqi, sənət nümayişləri, müxtəlif müsabiqələr və uşaqlar üçün əyləncə zonası daxildir. Festival ailəvi istirahət üçün də əlverişli imkan yaradır.
Tədbirin ilk gününün proqramı saat 17:00-da festivalın açıq elan edilməsi ilə başlayıb. Saat 17:00-dan 22:00-dək DJ Kamo və aparıcı İsgəndər İbrahimovun iştirakı ilə musiqi proqramı, konkurslar və müsabiqələr təşkil olunur.
Festival ərazisinə giriş, eləcə də konsert və əyləncə proqramlarında iştirak ödənişsizdir.
Lamiyə Məmmədova, Pərvin Zeynal

























Son xəbərlər
Son Xəbərlər