Elçin Əhmədov UNEC rektoru ilə görüşdü

elcin-ehmedov-unec-rektoru-ile-gorusdu
Oxunma sayı: 518

İyulun 8-də “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycanın sığorta bazarı üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər təhsil və biznes arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinin və onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının əhəmiyyətini vurğulayıblar.

Əməkdaşlıq çərçivəsində UNEC tələbələri sığorta sahəsində beynəlxalq nüfuza malik CII Certificate in Insurance (IF1) sertifikat imtahanına hazırlıq proqramında ödənişsiz iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti Böyük Britaniyanın Chartered Insurance Institute (CII) təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda International Professional Partner Firm (IPPF) statusuna malik ilk sığorta şirkətidir. Bu status şirkətin beynəlxalq peşəkar standartların tətbiqi və sığorta sahəsində ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfənin göstəricisidir.

Layihə çərçivəsində hazırlıq proqramını uğurla başa vuran və yüksək nəticə göstərən tələbələr “Atəşgah” Sığorta Şirkətində təcrübə proqramına cəlb olunmaq, həmçinin sığorta sektorunda peşəkar karyeraya başlamaq imkanı qazanacaqlar.

Bu təşəbbüs “Atəşgah” Sığorta Şirkətinin ölkədə sığorta təhsilinin inkişafına, beynəlxalq peşəkar standartların təşviqinə və sığorta bazarı üçün yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasına yönəlmiş strateji fəaliyyətinin davamıdır.