Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən rayonun Şüvəlan və Buzovna qəsəbələrində yerləşən 156, 230, 237, 26, 125, 234 və 206 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri və valideynləri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə şəhid ailələrinin üzvləri, din xadimləri, ağsaqqallar, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan və Buzovna qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Şüvəlan və Buzovna bələdiyyələrinin sədrləri və sözügedən məktəblərin direktorları iştirak edib.
Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına riayət olunması, bu sahədə vahid yanaşmanın təmin edilməsi və müvafiq normativ hüquqi aktların tələblərinin izahı ilə bağlı məsələlər müzakirə edilib.
Sakinlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr və 6 oktyabr tarixli müvafiq qərarları ilə dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilib.
Bildirilib ki, təhsilalanların müəyyən edilmiş geyim formalarına riayət etməsi, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi, eləcə də təhsilverənlərin geyiminin müəyyən edilmiş tələblərə uyğun olması təhsil müəssisələrində vahid yanaşmanın və nizam-intizamın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Həmçinin, məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında düzgün kommunikasiyanın qurulması, geyim qaydalarının məqsədi və hüquqi əsasların aydın izah edilməsi və məktəbin hər bir uşaq üçün təhlükəsiz, bərabər və ayrı-seçkilikdən uzaq bir mühit olunmasının vacibliyi vurğulanıb.











Son xəbərlər
Son Xəbərlər