UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim öz sosial şəbəkə hesabında paylaşım edib.
Həkim ciddi arxa bud əzələsi zədəsi səbəbindən əməliyyat olunan Cəfərquliyevin bundan sonra xüsusi plan əsasında reabilitasiya prosesinə başlayacağını qeyd edib: “Əməliyyat çox yaxşı keçdi. İndi meydana qayıdış üçün diqqətlə planlaşdırılmış reabilitasiya başlayır. Elvinə etimadına, “Qarabağ”a və klubun tibbi heyətinə isə bütün proses ərzində peşəkar əməkdaşlığa görə təşəkkür edirəm. Reabilitasiyada uğurlar, Elvin. Səni yenidən meydanda görməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Lasse Lempainen Finlandiyanın Turku şəhərində çalışır və əməliyyat da həmin şəhərdə icra olunub. Həkim idman ortopediyası, xüsusilə arxa bud əzələsi, budun düz əzələsi, Axilles vətəri və adduktor zədələrinin müalicəsi üzrə ixtisaslaşıb. O, Usman Dembele, Mark-Andre ter Stegen kimi məşhur oyunçuları əməliyyat edib.
Xatırladaq ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirilrdi.

Son xəbərlər
Son Xəbərlər