Kubada Milli Elektrik Sisteminin tamamilə sıradan çıxması nəticəsində ölkə miqyasında genişmiqyaslı elektrik kəsintisi baş verib. Dərin iqtisadi böhran yaşayan ölkədə elektrik təchizatının tam bərpasının bir neçə gün çəkə biləcəyi bildirilir.
“Qafqazinfo”nun xəbərinə görə, dövlətə məxsus Elektrik Birliyi (UNE) sosial şəbəkədə yaydığı açıqlamada Milli Elektrik Sistemində tam kəsilmə baş verdiyini və hadisənin səbəblərinin araşdırıldığını bildirib.
Bu, 2026-cı ildə Kubada qeydə alınan üçüncü, son 24 ay ərzində isə səkkizinci irimiqyaslı elektrik kəsintisidir.
Məlumata görə, enerji sisteminin bərpası mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq kiçik bölgələrdə elektrik istehsalı yenidən işə salınacaq, daha sonra isə bu şəbəkələr tədricən bir-birinə qoşularaq ölkə üzrə enerji təchizatı bərpa ediləcək.
Hesablamalara əsasən, Karib hövzəsində yerləşən adanın enerji tələbatını ödəmək üçün gündə 100 min bareldən çox neft lazımdır. Bunun təxminən 40 min bareli daxili istehsal hesabına təmin edilir, qalan hissəsi isə idxal olunur.
Qeyd edək ki, Kuba son altı ildə dərin iqtisadi böhran yaşayır. Davamlı elektrik kəsintiləri, əsas ərzaq və gündəlik tələbat mallarının çatışmazlığı, istehsalın azalması, yüksək inflyasiya və milli valyutanın dəyər itirməsi ölkədə vəziyyəti daha da ağırlaşdırıb.






Son xəbərlər
Son Xəbərlər